Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Müasir silahlar artıq informasiya texnologiyaları və süni intellekt əsaslıdır, insansız sistemlər də mövcuddur. Bunların da kibertəhlükəsizliyi çox önəmli bir məsələdir. Hətta kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi bu sahədə qısa bir müddət ərzində yeni uğurlar əldə edib: "Hərbi qulluqçularımızın yerli və beynəlxalq tədbirlərdə, kibertəhlükəsizlik üzrə yarışlarda iştirakı çox böyük marağa səbəb olub. Bildiyiniz kimi, "Cyber Shield" (Kiber Qalxan) təlimi var. Hərbi qulluqçularımız bu il ilk dəfə olaraq NATO-nun təşkilatçılığı ilə keçirilən həmin təlimdə iştirak etdilər. Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirak etdiyi “Birliyin Gücü – 2026” birgə hərbi təlimində kibertəhlükəsizlik komponenti də nəzərə alınıb. Bu da çox uğurla icra olundu. Əməliyyatın ilk fazasında kiberəməliyyat qrupu şərti terror qruplaşmalarına qarşı bir fəaliyyət icra etdi. Yəni ilk dəfə olaraq keçirilən belə bir təlim Azərbaycanın hərbi qulluqçuları üçün böyük təcrübə oldu".