“AzerGold” QSC-nin kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 5 iyul, AZƏRTAC
5 iyul - “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyətə başlamasının 5-ci ildönümüdür.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə “AzerGold”un kollektivi iyulun 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn “AzerGold”un kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib.