“Azərikimya” İstehsalat Birliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
Sumqayıt, 26 may, Ətrabə Rzayeva, AZƏRTAC
SOCAR “Azərikimya” İstehsalat Birliyinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri İmran Arzumanzadə, YAP Sumqayıt şəhər təşkilatının və SOCAR-ın Sumqayıtdakı bir sıra müəssisələrinin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın çoxəsrlik tarixindəki yerindən və rolundan danışıblar.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk dəfə siyasi plüralizm və çoxpartiyalı sistemə əsaslanan Avropa modelində bir dövlət olduğu bildirilib. Qeyd edilib ki, xalqımız 1991-ci il oktyabrın 18-də yenidən öz müstəqilliyinə qovuşsa da, o dövrdə hakimiyyətdə olan rəhbərlərin səriştəsizliyi üzündən müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə idi. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün çətinliklər aradan qaldırıldı və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymətin verildi.
Tədbir “Kimyaçı” Mədəniyyət sarayının özfəaliyyət kollektivlərinin təqdim etdiyi konsert proqramı ilə davam etdirilib.