“AZƏRİQAZ” QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN SƏDRİ ƏLİXAN MƏLİKOVUN ÇIXIŞI
Hörmətli müşavirə iştirakçıları!
Bu gün biz xüsusilə əlamətdar bir tədbirə - 15 illik fasilədən sonra blokada şəraitində olan, lakin tam həyatı ilə yaşayan və çalışan, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi münasibətilə toplaşmışıq. Cənab Prezident, mən “Azəriqaz” QSC-nin çoxminlik kollektivi adından böyük fərəh və iftixar hissi ilə Sizə məruzə edirəm ki, verdiyiniz tapşırığın birinci mərhələsi uğurla həyata keçirilmişdir.
Belə ki, 2004-cü ilin avqust ayından bu işə başlanmış və onun hər bir icra mərhələsində bilavasitə Sizin, möhtərəm cənab Prezident, verdiyiniz tapşırığa və müəyyən etdiyiniz müddətlərə müvafiq təsdiq edilmiş proqramla işlərin həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasının əhalisinin mənzillərinə mavi yanacaq verilmişdir ki, bu da sərt iqlimi olan Muxtar Respublika üçün xüsusilə vacibdir.
Naxçıvan Muxtar Respublikasının qaz təminatı layihəsi texnoloji baxımdan çox mürəkkəb bir layihədir və bunu nəzərə alaraq, layihənin icrası aşağıdakı prinsiplər əsasında həyata keçirilir.
Birincisi, layihənin mərhələ-mərhələ həyata keçirilməsi, ikincisi, Muxtar Respublikada mümkün olan ərazilərdə mövcud nəqletmə sistemindən istifadə etmək, üçüncüsü, qaz borularının istismarı hər hansı bir şəkildə texniki təhlükəsizlik baxımından qeyri-mümkün hesab edildikdə, boruların yenidən çəkilməsi və avadanlığın təzələnməsi, dördüncüsü, qaz təsərrüfatı infrastrukturunun bərpa edilməsində mümkün qədər dünya standartlarına cavab verən texnologiyalardan və avadanlıqdan istifadə edilməsi. Yuxarıda qeyd olunan prinsiplərə əsasən, işlərin icra müddətləri aşağıdakı kimi nəzərdə tutulmuşdur: birinci mərhələ 2005-ci ilin sonuna qədər, ikinci mərhələ 2006-cı il, üçüncü mərhələ 2007-ci il.
Birinci mərhələdə Naxçıvan Muxtar Respublikasında qaz təminatının bərpası layihəsi çərçivəsində qısa bir müddətdə 70 kilometrə qədər yüksək təzyiqli və 250 kilometrə qədər orta və aşağı təzyiqli qaz kəmərləri çəkilmişdir. Bu kəmərlər bir çox hallarda çətin və mürəkkəb relyefli ərazilərdən çəkilmişdir.
Bundan əlavə, ölçü qovşaqlarının, qazpaylayıcı stansiyaların tikintisi, şəhər və rayon mərkəzlərinin qazlaşdırılması həyata keçirilmişdir. Qaz təminatının bərpası ilə eyni vaxtda əhali abonentlərin mənzilləri və evləri mətbəx sobaları və qaz sayğacları ilə təmin olunmuşdur. Bu mərhələdə 11 minə yaxın əhali abonent qazla təmin ediləcəkdir.
Cəmi bir il ərzində Astarada analoqu olmayan irihəcmli, mürəkkəb texnologiyası olan və sutkada 2 milyon kubmetr təbii qazı 55-57 atmosfer təzyiqlə nəqletmə sisteminə ötürən kompressor stansiyası tikilmişdir.
Təbii qazın keyfiyyətinin kimyəvi tərkibini müəyyən edən xüsusi laboratoriya və dünya standartlarının tələblərinə cavab verən ölçü qovşağı da tikilib istismara verilmişdir. Lakin layihənin ən mühüm komponenti Azərbaycan və İran sərhədindəki Araz çayından qaz kəmərinin çəkilməsidir. Belə ki, Araz çayının boru keçən hissəsinin uzunluğunun cəmi 290 metr olduğuna baxmayaraq, xüsusi bənd tikilmiş, birinci mərhələdə çayın bir hissəsində, sonra isə həmin üsulla ikinci hissəsində qaz kəməri çəkilmişdir.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında bağlanmış müqaviləyə əsasən, orta hesabla 350 milyon kubmetr təbii qazın verilməsi və tələbat artdıqca 500 milyon kubmetrə çatdırılaraq, Naxçıvan Muxtar Respublikasına təhvili nəzərdə tutulmuşdur. Birinci mərhələnin ümumi dəyəri 246,9 milyard manat təşkil edir ki, bunun da 84,3 milyard manatı büdcədən, qalan 162,6 milyard manatı “Azəriqaz” Səhmdar Cəmiyyəti vəsaiti hesabına icra olunmuşdur. Cənab Prezident, bu layihənin birinci mərhələsinin belə bir qısa müddətdə həyata keçirilməsi şəxsən Sizin gündəlik diqqət və qayğınızın nəticəsidir.
Layihənin ikinci mərhələsində həyata keçiriləcək işlər əsasən aşağıdakılardır:
1. Rayon mərkəzlərində yerləşən fərdi evlərə təbii qazın verilməsi üçün birinci mərhələdə çəkilmiş əsas magistral qaz kəmərlərindən daşıyıcı, paylayıcı və daxili qaz xətlərinin çəkilməsi. Cəmi 10828 evdə mətbəx qaz sobalarının və qaz sayğaclarının quraşdırılması;
2. Vaxtilə qazlaşdırılmış yaşayış məntəqələrinə, kəndlərə daşıyıcı, paylayıcı və daxili qaz xətlərinin çəkilməsi və qaz sayğaclarının quraşdırılması. Bu evlərin sayı 31 min 939-dur. Bu mərhələdə təbii qazın verilməsi üçün bütün boru xətləri yenidən çəkilir, onların üzərində şkaflar və digər qaz tənzimləyiciləri, eyni zamanda, qaz sayğacı quraşdırılır. İkinci mərhələdə cəmi 42 min 767 abonent qazla təmin olunacaqdır.
İkinci və üçüncü mərhələlər üzrə “Azəriqaz” Səhmdar Cəmiyyəti tərəfindən Texniki-iqtisadi hesabat hazırlanıb və bu mərhələnin icrası üçün tələb olunan vəsait 144 milyard manat səviyyəsində müəyyən edilmişdir.
Möhtərəm cənab Prezident, tələb olunan vəsaitin Naxçıvan Muxtar Respublikasına ayrılması məqsədəuyğun olardı. Belə ki, işlərin bu qaydada həyata keçirilməsi bir sıra maliyyə məsələləri ilə bağlı əlavə dəyər vergisi, gömrük və digər rüsumların Naxçıvan Muxtar Respublikasının büdcəsinə daxil olmasını təmin edərdi. İkinci mərhələnin icra müddəti 2006-cı il müəyyən olunmuşdur.
Layihənin üçüncü mərhələsində ümumiyyətlə qazlaşdırılmamış yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulmudur. Bu mərhələdə həmin məntəqələrə, kəndlərə daşıyıcı, paylayıcı və daxili qaz kəmərlərinin çəkilişi, onların üzərində tənzimləyicilərin quraşdırılması və yerdə qalan 11 min 742 fərdi evdə qaz sayğaclarının qoyulması nəzərdə tutulmuşdur. İlkin hesablamalara görə, bu yaşayış məntəqələrinin qazlaşdırılması üçün 61 milyard manat vəsait tələb olunur. Ümumilikdə, təbii qaz təminatının bərpası nəticəsində 67 min 115 abonentin qazla təmin olunması planlaşdırılmışdır.
Təbii qaz ekoloji cəhətdən neft məhsullarından və iqtisadi cəhətdən elektrik enerjisindən daha sərfəlidir. Naxçıvan Muxtar Respublikasının təbii qaz təchizatı bərpa olunduğu təqdirdə enerji daşıyıcısı kimi işlədilən neft məhsullarına və elektrik enerjisinə qənaət ediləcəkdir. Bu da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişafına böyük töhfə olacaqdır. Muxtar respublikanın qaz təminatındakı 15 illik fasilə nəticəsində qarşıya çıxan bir sıra məsələlər də həll olunmuşdur. Belə ki, təbii qaz infrastrukturunun bərpası ilə yanaşı, bu sistemi istismar edəcək strukturlar üçün rayon mərkəzlərində müasir tələblərə cavab verən 8 inzibati binanın, işçi heyətin, qaz təsərrüfatı üçün xüsusi təyinatlı maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin alınması, təbii qazın uçotunun aparılması üçün kompüter sisteminin yaradılması təmin edilmişdir. Eyni zamanda, bütün bu işlərin icrası nəticəsində muxtar respublikanın qaz təsərrüfatında 380 iş yeri bərpa edilmiş və əlavə açılmışdır.
Möhtərəm cənab Prezident!
Bütün çətinliklərə baxmayaraq, Naxçıvan Muxtar Respublikasının qaz təminatının bərpası işləri vaxtında yerinə yetirilib və 15 illik fasilədən sonra muxtar respublika əhalisinin evlərinə mavi yanacaq daxil olur. Cənab Prezident, ümidvaram ki, Sizin daimi qayğınızla Naxçıvan Muxtar Respublikasının qaz təminatı layihəsinin ikinci, üçüncü mərhələləri də həyata keçiriləcək və bütövlükdə, layihədə nəzərdə tutulmuş işlər uğurla başa çatdırılacaqdır.
Diqqətinizə görə sağ olun.X X X
İLHAM ƏLİYEV: Gələn il Naxçıvana nə qədər qaz veriləcək?
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, gələn il Naxçıvan Muxtar Respublikasına 200 milyon kubmetr qaz verilməsi nəzərdə tutulmuşdur.
İLHAM ƏLİYEV: Bütövlükdə, əhaliyə 200 milyon kubmetr qaz veriləcək.
ƏLİXAN MƏLİKOV: Ümumilikdə, digər istehlakçılara da. Burada elektrik stansiyası da bərpa olunur.
İLHAM ƏLİYEV: Mən ona görə soruşuram. Çünki, birincisi, o elektrik stansiyası qazla işləyəcək, ikincisi də, modul elektrik stansiyaları quraşdırılacaqdır.
ƏLİXAN MƏLİKOV: İndi elektrik stansiyalarında magistral qaz xətti hazırdır.
İLHAM ƏLİYEV: Elektrik stansiyası nə qədər istehlak edəcəkdir?
ƏLİXAN MƏLİKOV: Bu, mərhələ-mərhələ olacaq, ilk növbədə, birinci blok işə düşməlidir.
İLHAM ƏLİYEV: Bilirəm, orada haradasa 50 meqavat güc olmalıdır.
ƏLİXAN MƏLİKOV: Bəli. Tam gücü ilə işləsə, ümumilikdə illik 150 milyon kubmetr.
İLHAM ƏLİYEV: Bəs, modul tipli stansiya?
ƏLİXAN MƏLİKOV: Modul tipli stansiyanın tələbatını hələ bilmirəm.
İLHAM ƏLİYEV: Hesab edin ki, orada 90 meqavat elektrik enerjisi istehsal olunacaq. Təxminən nə qədər...
ƏLİXAN MƏLİKOV: Bakıda, yəni analoji olaraq, haradasa 150 milyondan 400 milyon kubmetrə qədərdir.
İLHAM ƏLİYEV: Mən elə ona görə soruşuram. Çünki biz bir il bundan əvvəl İranla qaz mübadiləsi haqqında saziş imzalayanda o vaxt nə modul tipli stansiyaların qurulması, nə də elektrik stansiyasının bərpası məsələsi gündəlikdə var idi. Yəni sadəcə olaraq, biz əhalinin tələbatının ödənilməsini nəzərdə tutduq. Amma son bir il ərzində iki böyük layihə üzə çıxdı. Yəni biz onları icra etməyə başladıq. Ona görə gələcəkdə qazın mübadilə həcminin artırılması məsələsi də çıxacaqdır.
VASİF TALIBOV: Cənab Prezident, o stansiyalarda 300 milyon kubmetr işlənəcəkdir.
İLHAM ƏLİYEV: Ancaq hər iki stansiyada 300 milyon?
VASİF TALIBOV: Bəli.
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, müqavilənin şərtlərinə əsasən İran tərəfi ilə elə razılığa gəlinibdir ki, biz maksimum 500 milyon kubmetr tələb etmişik. Əgər ikitərəfli razılıq olarsa, tələb etdiyimiz qazdan asılı olaraq, onlara verdiyimiz qazı da artırmalıyıq. 500 milyon kubmetrdən artıq olsa da, biz Naxçıvana əlavə qaz ala bilərik. Bu şərt nəzərə alınıbdır.
İLHAM ƏLİYEV: Əlbəttə, aydındır. Oradan Naxçıvana nə qədər qaz götürəcəyiksə, o qədər də onlara Astaradan ötürəcəyik. Sadəcə olaraq, gərək biz nəzərdə saxlayaq, çünki bu, ən azı haradasa 500 milyon kubmetr olacaqdır.
Bəs, bu boru kəmərinin gücü nə qədərdir?
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, Siz keçən il qərar verdiniz ki, həmin boru kəmərinin diametrini artıraq. 500 millimetrdir. Bu bizə imkan verəcək ki, 1 milyard kubmetr qazı nəql edə bilək.
İLHAM ƏLİYEV: Biz gərək gələcəyi fikirləşəcək. Naxçıvanın sənaye potensialı güclənəcək, tələbat artacaqdır. Ona görə 500 milyon kubmetr ancaq bu gün lazımdır. Əgər bu iki stansiya işləsə, əhaliyə birinci mərhələdə 200 milyon kubmetr qaz veriləcəkdir. İkinci mərhələdə nə qədər olacaqdır?
ƏLİXAN MƏLİKOV: Təxminən 300 milyon kubmetr.
İLHAM ƏLİYEV: Yəni biz yaxşı ki, ehtiyat üçün böyük diametrli boru çəkdik.
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, istilik qazanxanaları da nəzərə alınmalıdır. Çünki onlar da mavi yanacaqdan istifadə edəcəkdir.
İLHAM ƏLİYEV: Biz “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətini yaratdıq. O, Azərbaycanın bütün istilik sistemini bərpa etməlidir. Əlbəttə, ilk növbədə, Bakının. Çünki Bakıda çoxlu hündürmərtəbəli evlər var. Ondan sonra bütün başqa şəhərlərdə də yeni, müasir məhəllədaxili qazanxanalar tikiləcəkdir. Yəni bunların hamısı qaz tələb edir. Bu, böyük bir layihədir, uzunmüddətli proqramdır. Bu proqramın icrası nəticəsində, əlbəttə, bütün sahələr inkişaf edəcəkdir.
Bəs, sayğaclarla bağlı vəziyyət necədir?
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, hər bir mənzildə sayğac quraşdırılır. Yəni sayğacsız qaz vermirik. Artıq digər istehlakçılar da müraciət edirlər - yəni özəl müəssisələr, hansısa qazanxana. Əlbəttə, bizim tələbimiz odur ki, həmin özəl müəssisə sifarişçi kimi obyektin layihəsini verməlidir, sayğac almalıdır və biz də qazı müqavilə şərti ilə verəcəyik. Ancaq ikinci və üçüncü mərhələdə fərdi evlərdə sayğacların “Azəriqaz”ın hesabına quraşdırılması nəzərdə tutulmuşdur.
İLHAM ƏLİYEV: Mən hesab edirəm ki, biz ikinci mərhələyə başlamalıyıq. Bizim planlarımızda bu var idi. Bir daha qeyd etmək istəyirəm, bir il bundan əvvəl biz bu barədə danışırdıq ki, birinci mərhələni icra edək, ondan sonra ikinci mərhələyə keçək. Gərək maliyyə ehtiyatlarını həm “Azəriqaz” özü axtarsın, həm də mərkəzləşmiş qaydada biz axtaraq. Çünki bizim ən böyük problemimiz ondadır ki, yığım çox aşağı səviyyədədir. Bizdə yığım nə qədərdir?
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, yığım 30 faiz təşkil edir.
İLHAM ƏLİYEV: 30 faiz. Dünyada qazın qiyməti qalxır, gələcəkdə daha da kəskin şəkildə qalxacaqdır. İndi görürük ki, bu bölgəyə, buradakı ölkələrə qaz nəql edən, ixrac edən Rusiya qiyməti qaldırıbdır. Onlar tərəfindən verilmiş yeni təklif əvvəlki qiymətdən təxminən iki dəfə bahadır. Əgər biz bu il min kubmetr qazı 60 dollara alırdıqsa, gələn il üçün yeni qiymət 110 dollar təklif olundu. Bizdə isə daxili satış qiyməti 49 dollardır. Onun da cəmi 30 faizi yığılır. Nəzərə alsaq ki, biz ildə Rusiyadan 4,5 milyard kubmetr qaz idxal edirik, deməli, əgər 110 dollardan hesablasaq, ildə Azərbaycan ancaq qazın alınmasına görə Rusiyaya 500 milyon dollar pul ödəyir. Bunun müqabilində nə qədər yığırsınız?
ƏLİXAN MƏLİKOV: 30 faiz.
İLHAM ƏLİYEV: Yox, pul şəklində. Biz 500 milyon dollar ödəyirik.
ƏLİXAN MƏLİKOV: Təxminən 380-400 milyard manat.
İLHAM ƏLİYEV: Yox, dollarla haradasa 80 milyon. Yəni burada yaranan fərq 420 milyon dollardır. Mən hələ ancaq idxal qazını götürürəm. Nəzərə alsaq ki, Azərbaycan özü də qaz hasil edir. Bu il nə qədər qaz hasil etmişik?
NATİQ ƏLİYEV (sənaye və energetika naziri): Cənab Prezident, 4,5 milyard kubmetr.
İLHAM ƏLİYEV: Onun nə qədər hissəsi daxili tələbata getdi?
NATİQ ƏLİYEV: 4,5 milyardın hamısı və hətta əlavə də verilir, haradasa 5 milyard kubmetr.
İLHAM ƏLİYEV: Faktiki olaraq 5 milyard kubmetr də verilir, bunun müqabilində pul ödənilmir. Əgər bunu da dünya qiyməti ilə hesablasaq, bu da 600 milyon dollar edəcəkdir. Yəni Azərbaycan dövləti hər il ancaq qazda əhaliyə və müəssisələrə 1 milyard dollar dotasiya verir.
Bilirsiniz, bizim büdcəmiz 4 milyard dollardır, özü də bu, gələn il olacaqdır. Bu il 2,2 milyard, ondan əvvəlki ildə isə 1,5 milyard dollar olmuşdur. Bunun 1 milyard dollarını əhaliyə dotasiya veririk. Mən hələ elektrik enerjisini götürmürəm. Elektrik enerjisində də vəziyyət buna bənzərdir. Bu il “Azərenerji”yə 2 milyon ton mazut verilmişdir. 2 milyon mazutun dünya qiyməti, tonunu 200 dollardan hesablasaq, 400 milyon dollar edir. Neft Şirkətinə nə qədər pul ödəyiblər?
NATİQ ƏLİYEV: Çox aşağı faizdir.
İLHAM ƏLİYEV: Bunu da əlavə etsək, Azərbaycan ildə təxminən 1 milyard 500 milyon dollar pul itirir. İndi biz deyirik ki, bazar iqtisadiyyatı prinsipləri ilə yaşayırıq. Doğrudan da belədir. İqtisadiyyatımız da bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Özəlləşdirmə prossesi gedir. Ümumi daxili məhsulumuzda özəl sektor, səhv etmirəmsə, 75 faiz təşkil edir. Amma bazar iqtisadiyyatı prinsipi ilə yaşayan hansı ölkədə 1 milyard 500 milyon dollar, - builki büdcənin təxminən 60-70 faizi, - dotasiya verilir?! Mən demək istəyirəm ki, biz hamımız bunları bilməliyik.
Əlbəttə, mən anlayıram ki, insanların bəzilərinin bunu ödəməyə imkanı yoxdur. Biz bunu başa düşürük və bilirsiniz, bu ilin əvvəlində “Azəriqaz”a göstəriş vermişdim, görürsünüz ki, harada imkan yoxdur, siz insafla yanaşın. Ancaq bu vəziyyət dözülməzdir, belə davam edə bilməz. Bu onu gətirib çıxarır ki, enerji sektorunda qarşılıqlı ödəməmələr yaranır. Neft Şirkəti qazı alıb “Azəriqaz”a verir. “Azəriqaz” onu müəssisələrə, əhaliyə verir, pulunu ala bilmir və Neft Şirkətinə pulu ödəmir. Neft Şirkəti mazutu emal edir, nefti mazuta çevirib “Azərenerji”yə verir. “Azərenerji” onu yandırır, yəni mazut istehlakçılara gedir, əvəzində pul yığa bilmir və Neft Şirkətinə ödəyə bilmir. Ona görə mən Sənaye və Energetika Nazirliyi qarşısında bu vəzifəni qoydum ki, nəhayət, gərək bu məsələdə bir sistem yaradaq.
Düzdür, biz ildən-ilə öz iqtisadi potensialımızı artırırıq. Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra əlbəttə, bizim maddi vəziyyətimiz daha da yaxşı olacaqdır. Amma gərək bu məsələ tənzimlənsin. Çünki bu dotasiyalar çox davam edə bilməz.
Gələn il üçün hər halda sizdə proqram hazırdır. İndi biz baxarıq ki, maliyyə vəsaitini həll edək. Ondan sonra ikinci, sonra üçüncü mərhələni həyata keçirək ki, Naxçıvanda bütün məntəqələr qazla təmin olunsun. Əlbəttə, siz gərək yığımı təşkil edəsiniz ki, bu işdə problem olmasın. Ümumiyyətlə qaz, işıq məhsuldur. Onun qiyməti var. İnsanlar dükana gedəndə çörək, yağ alanda onun pulunu ödəyirlər. Qaz, işıq da məhsuldur, onun da qiyməti var, o da ödənilməlidir. Ona görə siz də çalışmalısınız ki, bu sahədə nizam-intizam daha da güclənsin.
ƏLİXAN MƏLİKOV: Cənab Prezident, aydındır.
İLHAM ƏLİYEV: İndi artıq qazın verilməsi başlayıbdır, mənzillərə verilir?
VASİF TALIBOV: Bəli, 3 minə yaxın mənzilə verilir.
İLHAM ƏLİYEV: Təzyiq necədir, yaxşıdır?
VASİF TALIBOV: Bəli, yaxşıdır.
İLHAM ƏLİYEV: Çox yaxşı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev müşavirəyə yekun vurdu.