İQTİSADİYYAT
“Azərişıq”: İstehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək
Bakı, 9 aprel, AZƏRTAC
Elektrik enerjisi ilə bağlı "Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, istehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edə biləcək, habelə ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan amili olmadan avtomatik həyata keçirəcək.
İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş edə bilmək üçün "Azərişıq" ASC-nin vebsaytında bildiriş bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunu yazmaq kifayətdir. Açılan pəncərədə şəxsi məlumatları, cari sərfiyyat və borc barədə məlumatları görmək mümkündür. Bundan sonra mobil operatoru, mobil nömrəni və elektron poçt ünvanını daxil edərək “yadda saxla” düyməsini seçib elektron bildiriş profilini yaratmaq olar. “Elektron bildiriş al” düyməsini seçərək "Azərişıq" ASC-dən enerji borcu barədə bildiriş alaraq enerji borcunuzu ASC–nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirmək mümkündür. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrəyə SMS ilə göndəriləcək. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişi asanlıqla həyata keçirmək olar.
Eyni zamanda, “azerishiq.az” saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil olmaq mümkündür.
Siz də elektron xidmətlərə qoşulun, özünüzü ve ailənizi qoruyun.