“Azərsu” ASC-nin nümayəndəsi: Gələcəkdə Şuşada daha üç su anbarının inşası planlaşdırılır VİDEO
Şuşa, 15 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşa şəhərinə iki mənbədən içməli su verilir. Həmin xətlər ermənilər tərəfindən dağıdılaraq sıradan çıxarılmışdı. Biz həmin xətləri qısa müddətdə bərpa edərək şəhərə içməli suyun verilməsini həyata keçirdik. Hazırda Şuşa şəhəri 24 saat dayanıqlı içməli su ilə təmin olunur.
Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Azərsu” ASC-nin İşğaldan azad edilmiş ərazilərdə qəza-bərpa xidmətinin rəhbəri Oqtay Həziyev deyib.
“30 ilə yaxın işğal altında qalan Şuşa şəhərinin su sistemində bu illər ərzində heç bir iş görülməyib. Biz 1984-cü ildə çəkilmiş və istismara yararsız həmin xətləri yenilədik. Hazırda Şuşa şəhərində 800 və 1000 kubmetrlik anbarlar fəaliyyətdədir. Gələcəkdə Şuşanın tam dayanıqlı içməli su ilə təmin olunması üçün daha üç anbarın inşası planlaşdırılır. Yaxın günlərdə Daşaltı kəndinin yuxarı hissəsində Zarıslı çayı üzərində su anbarının yaradılmasına başlanacaq. Bundan başqa, şəhərin bərpası işləri çərçivəsində yeni kanalizasiya sistemlərinin qurulması da nəzərdə tutulub”, - deyə Oqtay Həziyev bildirib.