SİYASƏT
AZƏRTAC ilə ANTARA arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
![AZƏRTAC ilə ANTARA arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub](/files/2016/1/1200x630/14562093682608443365_1200x630.jpg)
Cakarta, 23 fevral, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevin bu ölkənin milli xəbər agentliyinin rəhbərliyi ilə keçirdiyi görüşlərdə AZƏRTAC ilə ANTARA arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfirlikdə baş tutan ilk görüşdə İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hüsnan Fənani, ANTARA agentliyinin müşaviri və sabiq rəhbəri Saiful Hadi Çalid, beynəlxalq əməkdaşlıq bürosunun rəhbəri Bambanq iştirak ediblər.
Daha sonra ANTARA agentliyində səfir ilə qurumun yeni təyin olunmuş baş icraçı direktoru Boni Hargens ilə görüş olub.
Hər iki görüşdə 2007-ci il dekabrın 1-də Cakarta şəhərində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İndoneziya Milli Xəbər Agentliyi (ANTARA) arasında informasiya mübadiləsinə dair əməkdaşlıq haqqında imzalanan Anlaşma Memorandumu xatırladılıb, ölkələrimizdə baş verən hadisələr barədə məlumatların bilavasitə ilk mənbədən götürülərək istinad edilməsinin vacibliyi diqqətə çatdırılıb.
İndoneziyalı jurnalistlər AZƏRTAC ilə əməkdaşlığa önəm verdiklərini, dost və qardaş Azərbaycan ilə media sahəsində əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində səfirlik tərəfindən keçirilən görüşlər barədə media nümayəndələrinə məlumat verilib. Qeyd edilib ki, bəzi beynəlxalq media vasitələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, habelə regionda cərəyan edən hadisələr haqqında reallıqdan uzaq və müəyyən dairələrin maraqlarına xidmət edən qərəzli xəbərlərə rast gəlmək olur. Bəzi hallarda həmin beynəlxalq media vasitələrindən götürülmüş məlumatların regionda, o cümlədən İndoneziyada fəaliyyət göstərən müxtəlif mətbuat orqanlarında vaxtaşırı yer aldığı da bildirilib. Vurğulanıb ki, məlum dairələr tərəfindən yayılan bu cür məlumatların əsas məqsədi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin ərazisinin 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün olması faktlarını ört-basdır etməkdən ibarətdir. Vurğulanıb ki, bu baxımdan iki dövlətin milli xəbər agentlikləri arasında bilavasitə informasiya mübadiləsinin və əməkdaşlığın genişləndirilməsi vacibdir və bu, belə məlumatların qarşısının alınmasında xüsusi rol oynayar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta