“AZƏRTAC KUBOKU” UĞRUNDA MİNİ-FUTBOL TURNİRİ BAŞLANMIŞDIR
![]() |
![]() |
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Açılış mərasimində balaca futbolçulara uğurlar arzulayan 240 nömrəli orta məktəbin direktoru Esmira Məmmədova demişdir ki, turnirin keçirilməsindən məqsəd Prezident İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, idmanın bu növünün gənclər arasında təbliğinə və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.
Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə turnirin təşkilində göstərdiyi köməyə görə AZƏRTAC-ın rəhbərliyinə minnətdarlığını bildirmişdir. O demişdir ki, dünya informasiya məkanında xüsusi yeri olan AZƏRTAC Azərbaycanda futbolun, idmanın, ümumiyyətlə, gənclər siyasətinin dəstəklənməsində daim öz köməyini göstərmişdir. Bu cür yarışlar istedadlı futbolçuların aşkarlanmasına kömək edəcəkdir.
AZƏRTAC-ın baş redaktoru Əsgər İbrahimov Agentliyin Baş direktoru Aslan Aslanovun adından turnir iştirakçılarını salamlayaraq, yaddaqalan hadisə olan bu yarışın keçirilməsinin ölkəmizdə uşaqlara, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləmişdir. Ə.İbrahimov AZƏRTAC-ın fəaliyyətindən danışmış, gənc nəslin sağlam böyüməsi üçün faydalı olan turnirə qatılan komandalara uğurlar arzulamışdır.
AFFA-nın baş katibi Elxan Məmmədov, Respublika Uşaq Futbolu Federasiyasının vitse-prezidenti Əbdül Sadıqov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının müavini Zahid Xəlilov futbolçuları salamlayaraq, bu cür turnirlərin futbolun kütləviləşməsi baxımından əhəmiyyətli rol oynayacağını bildirmişlər.
Sonra yarışlara start verilmişdir. 12 komandanın mübarizə apardığı turnirin ilk günü keçirilən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınmışdır: “Çelsi” - “Karvan” - 3:0, “İnter” - “Dinamo” - 1:3, “Qartal” - “OMİK” - 0:2, “Olimpik” - “Turan” - 1:5.
Yarışın sonunda fəxri kürsüdə yer alacaq komandalarla yanaşı, turnirin ən yaxşı qapıçısı, ən texnikalı, ən intizamlı və ən məhsuldar futbolçuları təşkilatçılar tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar.
Turnirə oktyabrın 9-da yekun vurulacaqdır.

