AzMİU beynəlxalq reytinqdə əhəmiyyətli nəticələr əldə edib
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) nüfuzlu “Times Higher Education Impact Rankings 2026” reytinqində əhəmiyyətli nəticələr əldə edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Memarlıq və İnşaat Universitetindən məlumat bildirilib.
AzMİU BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan “Yoxsulluğa son” istiqaməti üzrə dünyanın 931 universiteti arasında 79-cu yerə yüksələrək ilk 100 ali təhsil müəssisəsi sırasında qərarlaşıb. Bu nəticə universitetlə yanaşı, Azərbaycan ali təhsil sisteminin beynəlxalq müstəvidə rəqabət qabiliyyətinin göstəricisi kimi qiymətləndirilir.
Reytinq nəticələri AzMİU-da sosial inklüzivliyin təmin olunması, təhsildə bərabər imkanların yaradılması, həssas sosial qruplardan olan tələbələrin dəstəklənməsi və tələbəyönümlü sosial siyasətin uğurla həyata keçirilməsinin beynəlxalq səviyyədə tanındığını nümayiş etdirir. Universitet, həmçinin “Sudakı həyat” və “Quruda həyat” istiqamətləri üzrə dünyanın ən yaxşı universitetləri sırasında yer alıb, bir sıra digər göstəricilər üzrə isə ilk 400-lükdə qərarlaşıb. Bu nəticələr dayanıqlı inkişaf prinsiplərinin AzMİU-nun strateji fəaliyyətinin mühüm tərkib hissəsinə çevrildiyini təsdiqləyir.
Qeyd edək ki, “THE Impact Rankings” ali təhsil müəssisələrinin tədris və elmi fəaliyyətlə yanaşı, cəmiyyətə, ətraf mühitə və sosial rifaha verdiyi töhfələri qiymətləndirən ən nüfuzlu beynəlxalq reytinqlərdən biridir. AzMİU-nun bu reytinqdə əldə etdiyi nəticələr universitetin beynəlxalq nüfuzunun yüksəldiyini və qlobal dayanıqlı inkişaf məqsədlərinə verdiyi töhfənin yüksək qiymətləndirildiyini göstərir.
Universitetdə hesab edirlər ki, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, sosial məsuliyyət layihələrinin artırılması və dayanıqlı inkişaf sahəsində həyata keçirilən təşəbbüslər gələcək illərdə daha yüksək nəticələrin əldə olunmasına imkan verəcək.