AzMİU-da şəhid məzunların xatirəsi anılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti-iqtisad fakültəsində “44 günlük Zəfər yolu” adlı tədbir keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə fakültənin dekanı Turan Aslanova şəhid məzunlar Osman Cəfər və Səmural Fətəliyev barədə ətraflı məlumat verib. Onların təhsil həyatı və göstərdikləri qəhrəmanlıqlardan söz açan dekan şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyib.
Professor Məhəbbət Məmmədov çıxışında Azərbaycanda elmli və cəsur gənclərin yetişdiyini, onların həm döyüş meydanında, həm də elm sahəsində uğurlar qazandığını diqqətə çatdırıb. O, gənclərə daha çox oxumağı və Vətənə xidmət etməyi tövsiyə edib.
Dekan müavini Ayyət Əhməd isə Azərbaycanda vətənpərvər gəncliyin formalaşması üçün dövlətimiz tərəfindən görülən işləri qeyd edib. Məhz bu cəsarətli və vətənpərvər gəncliyin sayəsində Qarabağ kimi tarixi torpaqlarımızın öz azadlığına qovuşduğunu, düşmən işğalından azad edildiyini bildirib.
Şəhid Səmural Fətəliyevin atası Ayaz Fətəliyev oğlunun vətənpərvərliyi, həyat kredosu, Vətənə olan misilsiz bağlılığından danışıb. O, general-mayor Polad Həşimovun şəhid olduqdan sonra oğlunun könüllü olaraq orduya yazıldığını və döyüş bölgəsinə yollandığını söyləyib.
Müəllimlərdən Bəşər Şirinov və Aydın Nəbiyev çıxışlarında şəhid məzunları istedadlı, intellektual gənclər olmaqla yanaşı, vətənpərvər şəxsiyyətlər kimi xarakterizə ediblər.
Şəhidlərin dostları da öz xatirələrini bölüşüb, bu tədbirin təşkilində AzMİU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Osman və Səmuralın hələ tələbəlik dövründə Vətənin ərazi bütövlüyü barədə müzakirələr apardıqlarını deyiblər.
Tədbirdə “44 günlük Zəfər yolu” ilə bağlı film təqdim olunub.