Badmintonçularımız Maltada bir dəst medal qazanıblar
Bakı, 13 dekabr, AZƏRTAC
Badmintonçularımız Maltanın Kospikua şəhərində keçirilən “Future” seriyalı “Malta International 2022” turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
AZƏRTAC Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, milli komandamızın lideri, kişi badmintonçuların şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti Edi Reski Dviçayo müvafiq kateqoriyada qızıl medala layiq görülüb. Mübarizəyə 1/16 finaldan başlayan badmintonçumuz finala gedən yolda Sloveniya, İtaliya, Litva və Hindistanı təmsil edən rəqiblərinə qalib gəlmək üçün 2 set kifayət edib. Edi həlledici görüşdə Bolqarıstan badmintonçusu Dimitar Yanakievlə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final görüşü 3 set davam edib. Badmintonçumuz ilk setdə 21:19 hesablı üstünlük əldə etsə də, bolqar idmançı ikinci hissədə 21:17 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Son setdə rəqibinə 21:14 hesabı ilə qalib gələn Edi Reski Dviçayo “Malta International 2022” turnirini qalib başa vurub.
Millimizin hesabına daha 2 medal kişi və qadın badmintonçuların qoşa yarışında yazılıb.
Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi Niderland, Portuqaliya və Almaniyanı təmsil edən idmançılara qalib gələrək finala yüksəlib. Edi-Ezmi qoşasının həlledici görüşdə də rəqibləri alman badmintonçuları olub. Hər iki setdə rəqiblərindən geri qalan kişi badmintonçularımız (20-22,15-22) qoşa yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb.
Qadınların qoşa yarışında isə qazancımız bürünc medal olub. Era Maftuha-Fatimə Zəhrə yarımfinala kimi Niderland və Macarıstan badmintonçularını məğlub etsə də, finala yüksəlmək uğrunda keçirilən görüşdə alman həmkarlarına 0:2 (8-21,11-21) hesabı ilə uduzaraq turniri üçüncü sırada başa vurub.