“Bakcell” virtual futbol çempionatına start verib
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti özünün “Futbol Bakcell ilə” layihəsi çərçivəsində yeni bir fəaliyyətə start verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu ilin fevral-aprel aylarında keçiriləcək “Bakcell Virtual Futbol Çempionatı”nda paytaxt və bölgələrdə yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.
Virtual Futbol Çempionatı (PES) müvafiq oyun cihazları vasitəsilə keçirilən futbol turniridir.
Turnir Bakıda, Sumqayıtda, Zaqatalada, Qəbələdə, Şəkidə, Lənkəranda, Mingəçevirdə, Gəncədə baş tutacaq.
Respublikanın müxtəlif bölgələrində keçiriləcək çempionatın regionlar üzrə qalibləri arasında final oyunları isə aprelin 26-da Bakı şəhərində təşkil olunacaq.
Turnir haqqında iştirakçılara ətraflı məlumat vermək üçün tədbirin təşkilati komandası adıçəkilən bölgələrə səfər edərək burada promo-kampaniyalar keçirəcək. Bundan başqa, hər bir regionda iştirakçıların qeydiyyatı üçün stend quraşdırılacaq.
Dərs prosesinə mane olmamaq üçün turnirlər şənbə və bazar günləri şəhərlərin mərkəzlərində yerləşən orta məktəblərdə və ya idman komplekslərində baş tutacaq.
Turnir haqqında http://pes2015.bakcell.com/az/ linkində əlavə məlumat əldə etmək olar.