“Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində ölkəmizə gələn turistlərin sayı artır
Bakı, 25 may, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsinə vaxt azaldıqca ölkəmizə gələn əcnəbilərin sayı da artır.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən gələn turistlər paytaxtımızın maraqlı, gəzməli-görməli yerləri ilə tanış olurlar. Dünyanın ən qədim və ən gözəl şəhərlərindən biri olan Bakı onlarda xoş təəssürat yaradır. Turistlər heyrətlərini gizlədə bilmirlər.
Şəhəri tanımaq üçün qonaqlar daha çox avtobus turlarından istifadə edirlər. Komfort şəraitə malik avtobuslarda ekskursiyalar xüsusi avadanlıq vasitəsilə 8 dildə səsləndirilir. Bu da xarici qonaqların işini asanlaşdırır. Onlar keçdikləri yerlər haqqında ətraflı məlumat əldə edirlər.
Qeyd edək ki, son beş il ərzində Azərbaycana gələn turistlərin sayı 15 faizə qədər artıb. Təkcə 2014-cü ildə ölkəyə 2,5 milyon turist gəlib.
Ev sahibi olduğumuz mötəbər tədbir zamanı isə paytaxtımızı görməyə gələnlərin sayının daha da artacağı gözlənilir.