“Bakı Ağ Şəhər” layihəsinin icrası sürətlənir
Bakı, 13 mart (AZƏRTAC). Paytaxtımız üçün müstəsna əhəmiyyət daşıyan “Bakı Ağ Şəhər” layihəsinin ilkin mərhələsindən bu prosesə yaxından qoşulan “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin operativ fəaliyyəti nəticəsində binaların inşa olunacağı “Yaşıl ada” rayonunda neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, layihənin icra müddətində QSC tərəfindən bu ərazidən neft məhsulları ilə çirklənmiş 1 milyon 500 min kubmetrdən çox torpaq daşınmışdır. Həmçinin layihə ərazisində Bakı neft emalı zavodunun keçmiş istehsalat sahələrində uzun illərdən qalmış çoxlu sayda neft məhsulları ilə çirklənmiş süni gölməçələrdən suların nəqli və təmizlənməsi də QSC-yə həvalə edilmişdir.
Bununla əlaqədar, ötən ay QSC-nin tullantıların emalı departamenti (TED) Heydər Əliyev adına Bakı neft emalı zavodunun “Bakı Ağ Şəhər” layihəsi ərazisində yerləşən, köhnə çənlər parkı sahəsindəki gölməçədən 30 min kubmetrə qədər sənaye çirkab sularının boru xətti ilə təyin edilmiş yerə nəql olunması işlərinə başlamışdır.
Mart ayından isə TED müasir nasoslardan istifadə etməklə “Yaşıl ada” rayonu ərazisində olan “Azərneftyağ” neft emalı zavodunun köhnə çənlər parkı sahəsindəki gölməçənin suyunun nəqlinə başlamışdır. Bu məqsədlə ərazidə zəruri hazırlıq işləri görülmüş və əlavə boru xətti çəkilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC “Bakı Ağ Şəhər” layihəsi üzrə üzərinə düşən vəzifə öhdəliklərinin layiqincə yerinə yetirilməsi məqsədilə bundan sonra da ardıcıl tədbirlər həyata keçirəcəkdir.