BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4904 manat olmuşdur. Sessiyanın yekunlarına əsasən bağlanmış əqdlərin həcmi 138 min dollar təşkil etmişdir. Manatın məzənnəsi 1 bənd qalxmış və 1 dollar üçün 4903 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında bank sifarişlərində ABŞ valyutasının qiyməti dəyişməz qalmışdır. EHMS-də hər iki sessiyanın yekunlarına görə, USD/AZM T+0 aləti üzrə 493 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 2,417 milyarddır. Bir əqdə, orta hesabla, 123 250 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,868 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. 1,5 milyard manat məbləğində bir banklararası əqd qeydə alınmışdır. Borcalma dərəcəsi illiyin 11 faizi qədər olmuşdur.