BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ GÖRÜŞ
Universitetin prorektoru Yusif Məmmədov əvvəlcə qonağa BDU-nun tarixi, Azərbaycan elmi, təhsili və mədəniyyətinə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə töhfələri, beynəlxalq əlaqələri barədə məlumat verdi.
Deniel Frid çıxışında görkəmli siyasi xadim Heydər Əliyevin böyük uzaqgörənliklə Azərbaycan dövlətinin müstəqilliyini sağlam təməl üzərində qurduğunu, Xəzərin enerji ehtiyatlarının işlənilməsinə dair imzalanmış müqavilələrin beynəlxalq əhəmiyyətini, bunun regionun, xüsusən Azərbaycanın iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası üçün geniş imkanlar açdığını vurğuladı. ABŞ-ın ölkəmizlə əlaqələrinin 3 istiqamətdə - beynəlxalq terrorizmlə mübarizə və təhlükəsizlik, iqtisadiyyat və demokratik islahatlar sahəsində uğurla davam etdiyini bildirən Deniel Frid Əfqanıstan, Kosovo və İraqda Azərbaycan sülhməramlıları ilə birgə əməkdaşlığın yüksək qiymətləndirildiyini söylədi.
Noyabrın 6-da Milli Məclisə keçiriləcək seçkilərin respublika üçün böyük sınaq olacağını, Avropa Birliyi, ATƏT və digər beynəlxalq təşkilatlarla birlikdə Dövlət Departamentinin bu seçkilərin azad, ədalətli keçiriləcəyinə ümid etdiklərini söyləyən diplomat Azərbaycan Prezidenti İlham Əliyevin seçki praktikasının təkmilləşdirilməsinə dair imzaladığı Sərəncamının əhəmiyyətini vurğuladı. Seçkilərdə gənclərin xüsusilə fəal iştirakının əhəmiyyətini bildirən qonaq dedi ki, demokratiyanın inkişafı, ilk növbədə, gənclərin azad cəmiyyətdə yaşamasına zəmin yaradır. ABŞ Azərbaycanda demokratiyaya keçid prosesinin islahatlar vasitəsilə getməsinin tərəfdarıdır və tarixi təcrübə göstərir ki, bu, ən etibarlı yoldur.
Deniel Frid qədim tarixi və işıqlı gələcəyi olan Azərbaycanda noyabrın 6-dakı seçkilərdən dərhal sonra dövlət katibi Kondoliza Raysın “Seçkilər necə keçdi?” sualına: “Yaxşı keçdi” cavabı verməyi arzuladığını, Azərbaycana da bu niyyətlə gəldiyini söylədi.
Sonra diplomat tələbələri maraqlandıran suallara cavab verdi.