Bakı Dövlət Universitetində virtual elmi seminar keçirilib
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyev “Hiperbolik tənlik üçün sərhəd məsələsində iki aralıq müşahidə anları olan başlanğıc idarəetmə məsələsi” mövzusunda məruzə ilə çıxış edib.
Videobağlantıya qoşulan universitetin rektoru Elçin Babayev qeyd edib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Bakı Dövlət Universitetində konfranslar, seminarlar, ustad dərsləri, müzakirələr, iclaslar onlayn formada keçirilir: “Hazırkı dövrümüz elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin maddi və mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əlamətdardır. Elm və texnika cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayır, onun inkişafı üçün hədsiz imkanlar açılır”.
Mexanika-riyaziyyat fakültəsinin əldə etdiyi elmi uğurlardan danışan E.Babayev fakültədə kadr potensialının daha da yaxşılaşdırılması yönündə görülən işlərə, fakültənin elmin tərəqqisinə, ictimai həyatın bütün istiqamətlərinə verdiyi töhfələrə və qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor riyaziyyat sahəsində ikili diplom proqramları istiqamətində aparılan işlərin sürətləndirilməsi ilə bağlı tövsiyələrini verib.
Fakültənin dekanı, professor Nizaməddin İsgəndərov kompüter elmlərinin sürətli inkişafının riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artıraraq təbiət və cəmiyyətin müxtəlif sahələrində yeni riyazi üsulların yaranmasına imkan yaratdığını nəzərə çatdırıb. Fakültənin elmi-pedaqoji kadrların hazırlanmasına verilən töhfələrdən danışan N.İsgəndərov 2020-ci ilin birinci yarısında görülmüş işlər haqqında ümumi hesabatı da təqdim edib.
Elmi seminarın moderatoru, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov onlayn elmi seminarların, ustad dərslərinin elmi tədqiqat işlərinin davam etməsinə böyük töhfələr verdiyini bildirib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.