Bakı-Şamaxı yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
“Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi və Xocəsən bələdiyyəsinin təşkilatçılığı ilə reallaşıb.
Aksiyada, eləcə də “Dev Kardeşlik ve Candaşlık” layihəsi çərçivəsində ölkəmizdə olan Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin nümayəndələri də iştirak ediblər.
Əvvəlcə iştirakçılara və qonaqlara “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Həmçinin Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq ərazilərinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi vurğulanıb.
Aksiya zamanı, ümumilikdə, 500-dən çox Eldar şamı əkilib.