BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN VƏ ŞƏHƏR PROKURORLUĞUNUN MƏLUMATI
Müraciətə baxılaraq, yürüş-mitinqin, onun təşkilatçılarının götürdüyü öhdəliklərə uyğun, o cümlədən çadırlar qurulmaqla fasiləsiz oturaq aksiyaların keçirilməməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn çağırışlar edilməməsi, soyuq və odlu silahlardan, eləcə də daş-kəsək və digər küt alətlərdən istifadə olunmaması, ictimai qaydanı pozan hərəkətlərin törədilməməsi şərtilə razılıq verilmişdir.
Bununla yanaşı, radikal müxalifətin təmsilçiləri tərəfindən asayişin kütləvi şəkildə pozulmasına, yürüş-mitinqin qanunazidd fasiləsiz aksiyalara çevriləcəyinə cəhdlər göstəriləcəyi, hakimiyyət orqanlarına qarşı itaətsizliyə çağıran şüarlar səsləndiriləcəyi və kütləvi iğtişaşlara rəvac verən digər kobud qanun pozuntuları törədiləcəyi barədə hüquq mühafizə orqanlarına əməliyyat məlumatları daxil olmuşdur.
Göstərilənlərlə əlaqədar, mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və şəhər prokurorluğu tərəfindən tədbirin dinc və qanuni qaydada, habelə toplantıya qoyulmuş şərtlərə uyğun keçirilməsi, eləcə də bunun üçün bütün mövcud imkanlardan istifadə olunması haqda onlara rəsmi xəbərdarlıq edilmişdir.
Buna baxmayaraq, mitinqin başladığı ilk andan radikal müxalifətin bir çox nümayəndələri, o cümlədən İlqar İbrahimoğlu, Əli Kərimli, Sərdar Cəlaloğlu və başqaları zorakılığa çağıran çıxışlar edərək, mitinq iştirakçılarını kütləvi şəkildə itaətsizlik göstərməyə, öz məqsədlərinə çatmaq üçün istənilən vasitədən istifadə etməyə səsləmiş və bu hərəkətlərin real icrasına başlamışlar. Azərbaycan Xalq Cəbhəsi və Liberal partiyalarına rəhbərlik edən Əli Kərimov və Əvəz Temirxan isə mitinqin sonunda “ölərik, birdəfəlik meydanı tərk etmərik” şüarını irəli sürərək qanunazidd fasiləsiz mitinqlərin başlandığını elan etmiş və iştirakçıları yerə oturaraq meydanı tərk etməməyə çağırmışlar. Mitinqin əvvəlcədən razılaşdırılmış şərtlərdən kənara çıxması ilə bağlı polis tərəfindən belə hərəkətlərin yolverilməzliyi haqda dərhal mitinqin təşkilatçılarına xəbərdarlıq edilməsinə baxmayaraq, buna məhəl qoyulmamışdır.
Saat 17.00-da, yəni mitinqin vaxtı qurtaran kimi, ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən təkrar xəbərdarlıq edilsə də, orada olan partiyaların rəhbərlərindən bir çoxu bu tələbi yerinə yetirməyərək qanunazidd radikal hərəkətlərə üstünlük vermiş, eləcə də mitinq iştirakçılarını buna təhrik etmişlər. Nəticədə ictimai asayiş kobud şəkildə pozulmuş və aksiya iştirakçıları daxili işlər orqanlarının əməkdaşlarına müqavimət göstərmişlər.
Xidməti vəzifə borcunu yerinə yetirən polis və Daxili Qoşun qüvvələri ictimai qaydanın kütləvi şəkildə pozulmasına yönəlmiş hərəkətlərin qarşısını almaq üçün qanunauyğun tədbirlər həyata keçirmişlər.
İlkin məlumatlara əsasən, baş vermiş qarşıdurma zamanı 26 polis əməkdaşı və mitinqin bir neçə iştirakçısı müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Faktla bağlı aparılan araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcəkdir.