BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Martın 18-də “Müsavat”, AXCP (klassiklər), Azərbaycan Demokrat Partiyası, Vahid Azərbaycan Milli Birlik və Vahid Azərbaycan Partiyalarının sədrləri İ.Qəmbərov, M.Fəttayev, S.Cəlaloğlu, H.Əzimov, K.Əbilov martın 23-də Bakının “Füzuli” meydanında mitinq keçirmək haqqında şəhər İcra Hakimiyyətinə müraciət etmişlər.
Bakı şəhər İcra Hakimiyyətində müraciətə baxılmış, “Füzuli” meydanının mitinq keçirmək üçün yararsız yer olması nəzərə alınmaqla təşkilatçılara mitinq üçün başqa meydan təklif olunmuşdur. Qeyd olunmuşdur ki, “Füzuli” meydanı nəqliyyat vasitələrinin ən intensiv hərəkət etdiyi, əhalinin sıx yaşadığı, mitinq üçün qeyri-münasib ərazidə yerləşir. Mitinqin göstərilən yerdə keçirilməsi nəqliyyatın sabit hərəkətində müxtəlif maneələrin yaranmasına və vətəndaşların narahatçılığına səbəb ola bilər. Ona görə də Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” 13.11.99-cu il tarixli Qanununun 7-ci maddəsinə əsasən, planlaşdırılan mitinqin dövlət, dövlət müstəqilliyi, dövlətçilik, dövlət atributlarının əleyhinə və hakimiyyətin həyata keçirilməsi səlahiyyətinə mane olmağa yönələn şüarlardan istifadə olunmamaq şərti ilə 23 mart 2002-ci il tarixdə saat 16.00-dan 18.00-dək Dövlət Film Fondunun (keçmiş “Qələbə” kinoteatrı) binası qarşısında keçirilməsinə icazə verilmişdir. Lakin buna baxmayaraq, həmin partiyalar mətbuatda məlumat vermişlər ki, onlar Bakı şəhər İcra Hakimiyyətinin bu qərarı ilə razılaşmırlar və “Füzuli” meydanında israrlı şəkildə mitinq keçirmək arzusundadırlar.
Bununla bağlı, martın 22-də Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini F.Hüseynova, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Y.Əliyev, Bakı şəhər prokurorunun müavini Q.Səfərovun iştirakı ilə mitinq üçün müraciət etmiş partiya liderləri Bakı şəhər prokurorluğuna danışığa dəvət edilmişlər. Lakin bəhs olunan partiyaların sədrləri Vahid Azərbaycan Partiyasının sədri K.Əbilov və Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri H.Əzimov istisna olmaqla, bu danışığa gəlməmiş, yalnız öz təmsilçilərini göndərmişlər. AXCP (klassiklər) partiyası və ADP isə ümumiyyətlə danışığa gəlməkdən imtina etmişlər.
Danışığa dəvət olunanlara Azərbaycan Respublikası Prokurorluğu haqqında Qanunun 22-ci maddəsinə müvafiq olaraq rəsmi xəbərdarlıq edilmiş və “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, icazəsiz və ya razılaşdırılmamış yerdə mitinq keçirmək cəhdinin məsuliyyəti elan olunmuşdur. Onlara bir daha bildirilmişdir ki, “Füzuli” meydanında icazəsiz mitinq keçirilməsinə yol verilməyəcəkdir və bu istiqamətdə baş verə biləcək qanunsuz hərəkətlərə görə bütün məsuliyyəti təşkilatçılar daşıyacaqlar.