Bakı Slavyan Universitetində Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Bakı Slavyan Universitetində (BSU) Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev Xocalı faciəsini yada salaraq, bu günün hər bir azərbaycanlı üçün ağır gün olduğunu qeyd etmişdir.
K.Abdullayev bildirmişdir ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə, azərbaycanlı olduqlarına görə vəhşicəsinə öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişdilər. Çox yaxşı haldır ki, Azərbaycan Xocalı faciəsini dünya ölkələrində təbliğ etməyi bacarır. Bu hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə azərbaycanlılar xüsusi təbliğat işləri aparırlar.
Xocalı hadisələrində xalqa böyük dəstək olan ümummilli liderimiz Heydər Əliyevin bu işdə göstərdiyi misilsiz xidmətlərindən söhbət açan rektor ulu öndərin davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini demişdir.
Tədbirdə universitetin pedaqoji fakültəsinin dekanı, professor Eldar Priyev, dosent Cavanşir Beydullayev, dosent Sevda Axundova və başqaları xalqımızın başına gətirilən faciələrdən danışmış, Xocalı soyqırımını dünyaya tanıtmağın hər bir azərbaycanlının müqəddəs borcu olduğunu vurğulamışlar.