Bakı və Mingəçevirdə turizm sahəsində çalışanlar üçün təlimlər keçiriləcək
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Bakı və Mingəçevir şəhərlərində turizm sahəsində çalışanlar üçün müvafiq təlimlərin təşkili nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Məlumatda qeyd olunur ki, 2014-cü ildə turizm xidməti sahəsində çalışan 400 nəfər xüsusi təlimlərdə iştirak edib. Bu istiqamətli kurslar müxtəlif vaxtlarda üç dəfə nazirlik tərəfindən təşkil edilib. Bu il keçirilən kurslarda iştirak edən dinləyicilər müvafiq sertifikatlar alıblar. Təlim-tədris kurslarında əsasən 5 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması - mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris ediblər.
Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə Azərbaycan Turizm və Menecment Universiteti nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilib.
Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirlikləri birgə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün artıq on ildir ki təlim-tədris kursları təşkil olunur.
Ümumilikdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda 3 minə yaxın dinləyici müvafiq kurslara cəlb olunub.