Bakıda 3 evdən qiymətli antik əşyalar və 30 min manatlıq qızıl oğurlanıb VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər 3 vətəndaşın evindən 30 min manat dəyərində qızıl-zinət, 2 mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.
Rayon polis idarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Həmin şəxslər dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 arasında onların mənzildə olmadıqlarını müəyyənləşdirdikdən sonra oğurluq etdiklərini bildiriblər.
T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində oxşar cinayətlərdə əlinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.