Bakıda “AtaTravel”in təşkilatçılığı ilə Macarıstanın turizm şirkətlərinin təqdimatı keçirilmişdir
Bakı, 8 oktyabr (AZƏRTAC). Paytaxtdakı “Excelsior” otelində “AtaTravel” MMC-nin təşkilatçılığı ilə Macarıstanın turizm şirkətlərinin, mehmanxanalarının və mətbuat nümayəndələrinin Azərbaycana səfərinin yekunlarına dair tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan “AtaTravel” MMC-nin direktor müavini Ərtoğrul Qafarov bu ilin iyun ayında iki ölkə arasında birbaşa aviareys açıldıqdan sonra qarşılıqlı turist axınının artdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, artıq Macarıstana məxsus “Wizz Air” şirkətinin həftədə iki dəfə yerinə yetirdiyi aviareyslərdə yerlərin 80 faizi dolur. Həftə ərzində iki istiqamətdə 600-ə yaxın turist daşınır.
Ərtoğrul Qafarov demişdir ki, Macarıstanın turizm şirkətlərinin, mehmanxanalarının və KİV-lərin nümayəndələri Azərbaycanda infoturda iştirak edirlər. O, keçirilən qarşılıqlı səfərlərin iki ölkə arasında turist axınlarının daha da sürətlənməsinə öz müsbət təsirini göstərəcəyinə əminliyini söyləmişdir.
Azərbaycanın turizm şirkətlərinin nümayəndələrinin də iştirak etdikləri tədbirdə Macarıstandan gəlmiş qonaqlar ölkələrinin turizm imkanlarından bəhs edən maraqlı təqdimatlarla çıxış etmişlər. Dost ölkənin turizm şirkətlərinin nümayəndələri Macarıstanın gözəl, müalicəvi turizm məkanları, füsunkar təbiəti və bunlardan bir turist kimi faydalanmaq barədə təfərrüatı ilə məlumat vermişlər. Buraya müxtəlif dərəcələrdə istiliyə və tərkibə malik olan, şəfaverici termal sulardan tutmuş, əsrarəngiz Balaton gölündə istirahətə, macəralı ov turizminə, əlamətdar tarixi yerlərə qədər olduqca maraqlı təqdimatlar daxil idi.
Xüsusilə qeyd etmək lazımdır ki, Macarıstana turist səfəri qiymətlərin ucuzluğu və münasibliyi ilə seçilir. Burada “büdcə” turizmindən tutmuş, lüks turizm səfərinə və istirahətinə qədər bütün səviyyələrdə xidmət təklif olunur.
Mərasimdə Macarıstanın tanınmış turizm şirkəti olan “1000 yol” turoperatorunun rəhbəri Aleksandr Baranovun təqdimatı daha çox maraq doğurmuşdur. Aleksandr Baranov demişdir ki, Macarıstan bənzərsiz təbiətə, qədim tarixi abidələrə və zəngin mədəniyyətə malikdir. Turistləri burada həm də yüksək olmayan qiymətlər cəlb edir. Digər Avropa ölkələrinin paytaxtlarından fərqli olaraq Budapeştin özü coğrafi mövqeyi, qədim küçələri, məftunedici memarlığı ilə baş turizm obyektidir. Son vaxtlar Azərbaycan vətəndaşları Macarıstana turist səfərlərinə böyük maraq göstərirlər. Bu işdə “Wizz Air” aviaşirkətinin Budapeşt-Bakı birbaşa aviareysinin də az rolu olmamışdır.
Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora mərasimdə çıxış edərək son vaxtlar ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən turizm sektorunda əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini faktların və rəqəmlərin dili ilə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Diplomat Macarıstanın turizm şirkətlərinin, mehmanxanalarının və mətbuat nümayəndələrinin Azərbaycana səfərinin, bugünkü təqdimatların iki dost ölkə arasında turizm sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirmişdir.
Sonda turizm şirkətlərinin və KİV-lərin nümayəndələri üçün Macarıstana 2 nəfərlik səyahəti nəzərdə tutan lotereya uduşu keçirilmişdir.
Tədbir başa çatdıqdan sonra Azərbaycanın və Macarıstanın turizm şirkətləri arasında ikitərəfli görüşlər keçirilmişdir.