BAKIDA BEYNƏLXALQ ŞAHMAT FESTİVALIAÇILMIŞDIR
Gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov qonaqları salamlayaraq iştirakçılara uğurlar arzuladı. O, son zamanlar ölkəmizdə müxtəlif kütləvi idman tədbirlərinin keçirilməsinin adi hal aldığını bildirərək, bu ənənənin ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı. Natiq beynəlxalq festivalın ölkəmizdə keçirilməsinin əhəmiyyətindən, ölkəmizdə idmanın inkişafından danışaraq, Prezident İlham Əliyevin bu sahəyə qayğısının konkret nəticələr verdiyini, Azərbaycan gənclərinin mötəbər yarışlarda layiqli yer tutmasını ölkəmizdə idmana, idmançılara diqqətin təzahürü kimi səciyyələndirdi.
Festivalın sponsoru həmyerlimiz, xeyriyyəçi Gülağa Qənbərov belə bir yarışın Bakıda keçirilməsinin əhəmiyyətindən söz açaraq, xeyriyyəçi kimi bu cür tədbirlərə həmişə dəstək verəcəyini bildirdi.
Mərkəzin direktoru Emin Haşımov, yarışın baş hakimi Lütfiyar Rüstəmov və başqaları bu festivalın Azərbaycan şahmat məktəbinin dünyada tanıdılması baxımından əhəmiyyətli olduğunu söylədilər. Bildirildi ki, “Gülağa Qənbərov Xeyriyyə Fondu” ölkəmizdə bu idman növünün inkişafı və beynəlxalq turnirlərin keçirilməsi, Azərbaycan idmançılarının dünyamiqyaslı yarışlarda iştirakının təmin edilməsi üçün 500 min dollar vəsait ayırmışdır.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra festival açıq elan olundu.
Noyabrın 9-na qədər davam edəcək festival 7 turnirdən ibarətdir. Artıq “D” - 10, 12 və 14 yaşlı uşaqlar arasında və “C” – açıq turnir yarışlarına start verilmişdir. Oktyabrın 31-də blits turnir, noyabrın 1-dən 9-dək isə “A1”(beynəlxalq qrossmeysterlər arasında), “A2” (Beynəlxalq qrossmeyster normasına namizədlər arasında), “B” (beynəlxalq ustalar arasında), “E” (veteranlar arasında) turnirləri keçiriləcəkdir.