BAKIDA HƏZİ ASLANOVUN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ ƏNƏNƏVİ BEYNƏLXALQ CÜDO TURNİRİ START GÖTÜRMÜŞDÜR
Yarışlar Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Cüdo Federasiyası və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuşdur.
Gənclər, idman və turizm naziri Əbülfəs Qarayev açılış mərasimində çıxış edərək, turnirin qonaqlarını və iştirakçılarını Baş nazir, MOK-un prezidenti İlham Əliyevin, MOK İcraiyyə Komitəsi, Cüdo Federasiyası adından salamladı, bu yarışın Azərbaycanın idman tarixində xüsusi yer tutduğunu vurğuladı və onun keçirilməsi üçün səylərini əsirgəməyənlərə təşəkkürünü bildirdi. O dedi ki, MOK-un prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə idman hərəkatının inkişafı istiqamətində aparılan siyasət idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə böyük uğurlar qazanmasına gətirib çıxarmışdır. İndi tam inamla demək olar ki, Azərbaycan dünya idmanının mərkəzlərindən birinə çevrilmişdir. Qısa dövr ərzində ölkəmizdə Avropa və dünya miqyaslı yarışlar keçirilmiş, respublikanın bir neçə şəhərində ən yüksək standartlarına uyğun olan olimpiya kompleksləri tikilmişdir.
Nazir Afina Olimpiadasında iştirak etmək üçün beş lisenziya qazanan idmançılarımızın uğurlarını xüsusi qeyd etdi və ümidvar olduğunu bildirdi ki, cüdoçular da öz müvəffəqiyyətli çıxışları ilə lisenziyaların sayını artıracaqlar.
Azərbaycanın dövlət himni səsləndi.
Turnirdə iştirak edən komandaların paradı keçirildi.
Turnirin birinci günü kişilərin yarışında qalib adını Azərbaycan cüdoçuları Samir Sərkərov (73 kq), Elxan Rəcəbli (81 kq), Gürcüstandan Mindia Bodaveli (90 kq), həmyerlilərimiz Zaur Tağıyev (100 kq), Rüfət Abbasov (100 kq-dan yuxarı) qazandılar. Cüdoçularımız Müseyib Cəfərov, Zaur Paşayev, Elvin Bagişov, Elxan Cəfərov öz çəki dərəcələrində ikinci oldular.
Qadınların turnirində Azərbaycandan Sona Əhmədova (63 kq), Rusiyadan Zaira Əbihəsənova (70 kq), idmançılarımız Firdanə Şükürova (78 kq), Tövsiyə Məmmədova (78 kq-dan yuxarı) qızıl medallar qazandılar. Cüdoçularımızdan Dürsədəf Həsənova, Bəhriyə Hüseynova, Samirə Əfəndiyeva, İoalanta Zinina ikinci yerə çıxdılar.
Turnir sentyabrın 28-də 4 çəki dərəcəsində final görüşləri ilə başa çatacaqdır.