Bakıda ilk dəfə keçiriləcək turizm filmləri festivalına 41 ölkədən 250 film təqdim olunmuşdur
Bakı, 29 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 20-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda birinci Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir.
Festival turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, bu istiqamətdə çəkilmiş ən yaxşı ekran işlərini aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.
Festivalın icraçı direktoru Fariz Əhmədov AZƏRTAC-a bildirmişdir ki, artıq festivala filmlərin qəbulu başa çatmışdır. Festivala 41 ölkədən 250 film təqdim olunmuşdur. Yaxın 10 gün ərzində festivalda hansı filmlərin iştirak edəcəyi, mükafatlandırmanın nə vaxt olacağı və s. məsələlər müəyyənləşəcəkdir. Filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Daxili və dünya turizmini ən peşəkar şəkildə əks etdirən ekran işləri mükafatlandırılacaqdır. Mükafatlandırma 7 nominasiya üzrə keçiriləcəkdir. Hər nominasiyada 3 mükafat verilir.
Diqqətə çatdırılmışdır ki, festivalın www.bitff.az adlı saytı fəaliyyət göstərir. Burada festival haqqında lazım olan bütün məlumatları əldə etmək mümkündür.