Bakıda ipək üzərində kölgə effektli portretlərin sərgisi keçirilib
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Bakıda rəssam Elmar Məmmədzadənin "Zəfərin Kölgəsi" layihəsinin yekunu olaraq Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş ipək üzərində kölgə effektli portretlərin sərgisi və təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra tədbir iştirakçılarına “Zəfər Kölgəsi” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər bu layihənin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanlarımıza həsr olunduğunu bildirib, İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərin ölkəmizin şanlı tarixinin ən vacib hadisələrindən biri olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar, Ordumuzun döyüş qabiliyyəti, Azərbaycan xalqının dövlətimizin başçısının ətrafında "Dəmir yumruq" kimi sıx birləşməsi İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbənin ən vacib elementləridir.
Həmçinin diqqətə çatdırılıb ki, müəllifi Elmar Məmmədzadə olan ipək üzərində kölgə effektli portretlər incəsənətdə yeni tərzdir. Bu günədək bir çox tarixi şəxsiyyətlərin portretləri hazırlanaraq müxtəlif ölkələrdə sərgilənib.