Bakıda İran İslam İnqilabının 36-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib
Bakı, 11 fevral, Əsəd Məmmədov, AZƏRTAC
Fevralın 11-də İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam İnqilabının 36-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
Səfir Möhsün Pakayin İranın inqilabdan ötən 36 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurlar əldə edildiyini vurğulayıb. O deyib ki, İran və Azərbaycan arasındakı konstruktiv əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Mövcud əlaqələrin daha da genişləndirilməsi ölkələrimizin qarşıya qoyduğu əsas məqsədlərindəndir. Son zamanlar iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər əlaqələrimizin daha da genişlənməsinə təkan verib.
Səfir qeyd edib ki, Azərbaycan-İran Hökumətlərarası Müştərək Komissiyasının növbəti iclasının keçirilməsi dost və qardaş ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə olub.
Möhsün Pakayin əminliklə bildirib ki, İran və Azərbaycan arasındakı əlaqələrin möhkəmlənməsi regional münaqişələrin həlli üçün də zəmin yaradacaq.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Prezident İlham Əliyevin adından təbrik edib, dövlətimizin başçısının xoş arzularını çatdırıb.
Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin olduğunu söyləyib. O, iqtisadi, mədəni, humanitar əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, ötən il ərzində hər iki ölkənin prezidentlərinin dörd dəfə görüşməsi əlaqələrimizin inkişafına ən yüksək səviyyədə verilən böyük önəmin göstəricisidir.
Nazir qeyd edib ki, Azərbaycan və İran arasındakı münasibətlərin möhkəm hüquqi bazası da yaradılıb. Təkcə iqtisadi sahədə ümumilikdə 30-dan çox sənəd imzalanıb. Hər iki ölkə beynəlxalq təşkilatlarda da yaxından əməkdaşlıq edir.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.