MƏDƏNİYYƏT
Bakıda IV Milli uşaq kitabı sərgisi açılmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir keçirilmiş və IV Milli uşaq kitabı sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Fizurə Quliyeva bu günün bütün uşaq kitabxanaları üçün əziz bir gün olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün - aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilmişdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası da hər il bu günü qeyd edir. Əvvəlki illərdə Qubada, Xaçmazda kitab bayramları keçirilmişdir. Həmçinin keçən il SOS Uşaq Kəndində müvafiq sərgi təşkil olunmuşdur.
Tanınmış uşaq yazıçı və şairlərinin, “Altun”, “Çinar-Çap”, “Turan”, “Təhsil” nəşriyyatları əməkdaşlarının iştirak etdikləri tədbirdə 190 nömrəli məktəbin şagirdləri musiqili ədəbi kompozisiya təqdim etmişlər. Həmçinin uşaqlar arasında viktorina keçirilmiş, suallara düzgün cavab tapanlar hədiyyələr qazanmışlar.
Sərgi iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edilmişdir.
Sərgidə müxtəlif mövzularda - Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci ilin “İdman ili” elan edilməsinə dair, “Azərbaycan - muğam dünyasına səyahət”, “Xalq yaradıcılığı paytaxtları-2012”, “Nağıllar aləmində”, “Kitablarda mən hələ baxıram şəkillərə”, “Dərədən, təpədən...”, “Nağıl boğçasından”, “Güvəncin nağılları”, “Çox oxuyan çox bilər”, “Tarix - keçmişdən gələcəyə”, “Yeddi rəngli kəmərim” , “Yubilyar yazıçılarımız”, “Kitabxanada ən çox oxunan kitablar”, “Sənin maraq dünyan” və s. mövzularda kitablar nümayiş olunur. Həmçinin “Təhsil”, “Altun”, “Çaşıoğlu”, “Beşik” nəşriyyatlarının kitabları ayrıca sərgilənir.
Dördüncü Milli uşaq kitabı sərgisi aprelin 7-dək davam edəcəkdir.