Bakıda K-1 döyüş növü üzrə “Legends of Azerbaijan” adlı turnir keçiriləcək
Bakı, 4 fevral, AZƏRTAC
Martın sonunda və ya aprelin əvvəlində Bakıda K-1 döyüş növü üzrə “Azərbaycan əfsanələri” (Legends of Azerbaijan) adlı beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 4-də Bakıda təşkil olunan mətbuat konfransında K-1 döyüş növü üzrə Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndə Elnur Məmmədov deyib.
Yarışda Fransa, Surinam, Mərakeş və digər ölkələrdən güclü idmançıların çıxış edəcəklərini vurğulayan E.Məmmədov bildirib: “Biz bu turniri yüksək səviyyədə təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. “Legends of Azerbaijan” turnirində 10-12 peşəkar döyüş keçiriləcək. Azərbaycanın əfsanəvi və ulduz döyüşçüləri dünya idmançıları ilə yarışacaqlar. Məqsədimiz K-1 üzrə beynəlxalq aləmdə tanınmış Alim Nəbiyev, Xəyal Canıyev və Çingiz Allazov kimi idmançılarımızın eyni gündə döyüşünü təşkil etməkdir. Fəxri qonaqlar qismində isə türkiyəli Gökhan Saki və digər tanınmış idmançıların dəvət olunması nəzərdə tutulur”.
Muay-tay üzrə dünya çempionu Alim Nəbiyev Fransada keçirdiyi son uğurlu döyüşündən danışaraq deyib: “Ev sahibi idmançı ilə döyüş heç də asan olmadı. Nəhayət, beşinci raundda ona üstün gəlməyi bacardım. Sevinirəm ki, qalib gəldim və WMS versiyası üzrə dünya çempionu tituluna yiyələndim. Yüksək hazırlıq keçirik. Qarşıdan gələn yarışlarda da bütün gücümüzlə döyüşüb, öz sözümüzü deyəcəyik”.
K-1 döyüşçüsü Tural Bayramov yalnız “Best of the Best” brendinə uyğun yarışlarda iştirak etdiklərini, dünya miqyaslı turnirlərdə yüksək nəticələr qazandıqlarını vurğulayıb. Bildirib ki, hazırda Almaniyada keçiriləcək yarışa qatılmağı düşünürük. Rəqib muay-tay üzrə dünya çempionu, kanadalı idmançı olacaq.
Digər K-1 döyüşçüsü Ziya Bayramov məşqlərdə səylə çalışdıqlarını, dünyanın istənilən peşəkar idmançısı ilə döyüşməyə hazır olduqlarını qeyd edib. O, yaxın vaxtda Tailandda təlim-məşq toplanışına qatılacaqlarını diqqətə çatdırıb.
Qrupun baş məşqçisi Ruslan Krivuşa idmanın bu növü üzrə azərbaycanlı atletlərin dünyanın ən güclüləri arasında yer aldıqlarını qeyd edərək deyib: “Komandamızda dünyanın ən güclüləri toplaşıb. İdmançılarımız K-1 üzrə istənilən rəqiblə döyüşdə qalib gəlmək gücündədirlər”.
Daha sonra jurnalistlərin sualları cavablandırılıb.