BAKIDA KEÇİRƏLƏCƏK FİQURLU KONKİSÜRMƏ ÜZRƏ ŞOU AZƏRBAYCANDA BU İDMAN NÖVÜNÜN İNKİŞAFINA TƏKAN VERƏCƏKDİR
Bakıda dünyanın məşhur fiqurlu konkisürənlərinin iştirakı ilə keçiriləcək “Buz simfoniyası” adlı şou, şübhəsiz bu idman növünün Azərbaycanda inkişafına təkan verəcəkdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev mayın 1-də “Park İNN - Azərbaycan” mehmanxanasında Olimpiya çempionları və mükafatçıları İlya Averbux, Tatyana Navka, İrina Slutskaya və digər tanınmış idmançıların iştirakı ilə keçirilmiş mətbuat konfransında söyləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsidə bu idman növünün ölkəmizdə inkişafı üçün işlərin görüldüyünü deyən F.Quliyev Azərbaycanda ilk dəfə təşkil olunacaq şounun fiqurlu konkisürmə idmanının inkişafında əhəmiyyətli rolunu vurğulamışdır.
Olimpiya çempionu Tatyana Navka və Avropa və dünya çempionu İlya Averbux ölkəmizdə qonaqpərvərlikdən məmnun qaldıqlarını söyləmişlər.
“Bu bizim Bakıya birinci gəlişimizdir və ümid edirik ki, sonuncu deyil”, - deyə Olimpiya çempionu T.Navka bildirmişdir. İlya Averbux isə Bakıda tamaşaçıları möhtəşəm şou gözlədiyini söyləmişdir. O demişdir ki, biz artıq üç ildir ki, Azərbaycana gəlmək niyyətindəyik. Lakin qeyri-müəyyən səbəblərə görə səfərimizi hər dəfə təxirə salmalı olurduq. Bugünkü şou Azərbaycanda fiqurlu konkisürmə idmanının inkişafında yeni mərhələnin başlanğıcını qoyacaqdır. Bunun üçün biz əlimizdən gələni edəcəyik.
Uzun illər beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış edən İqor Lukanın və Kristin Freyzer dueti ölkəmizə gəlməklərindən məmnun qaldıqlarını söyləmişlər. İ.Lukanin demişdir ki, bizim son məqsədimiz 2010-cu ildə Vankuverdə növbəti Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir. Çalışacağıq ki, karyeramızda sonuncu olacaq bu Olimpiya Oyunlarında daha yaxşı çıxış edək.
Möhtəşəm şounun keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz örtüyü olmadığından orada təşkilatçılar tərəfindən gətirilmiş mobil buz sistemi quraşdırılmışdır.
Təşkilatçılar yaxın zamanlarda bu problemin öz həllini tapacağını və respublikamızda ən müasir buz örtüyünün quraşdırılacağını vurğulamışlar.