İDMAN
Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları başlayıb
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları başlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan kurslar fevralın 9-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, kurslarda 17 ölkədən 66 hakim iştirak edir. Azərbaycan bu kurslarda 6 nəfərlə təmsil olunur. Hakimlikdə ilk addımlarını atan mütəxəssislər bu kurslarda dərəcə qazanmaq imkanı əldə edirlər.
FIG-in beynəlxalq idman gimnastikası üzrə texniki komitəsinin rəhbəri Stiv Butçer kursların açılışında təşkilat komitəsinin üzvlərini təqdim edib. O, yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını çatdırıb. Bildirib ki, kurslar zamanı dərslər keçiriləcək və mühazirələr oxunacaq.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov qeyd edib ki, idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları artıq ölkəmizdə ikinci dəfə təşkil olunur. İlk belə kurslar 2007-ci ildə keçirilib. Ötən ay isə paytaxtımızda FIG-in qitələrarası hakimlik və bədii gimnastika üzrə beynəlxalq kursları uğurla təşkil edilib. F.Qayıbov bu mühüm tədbirin keçirilməsini Azərbaycana həvalə etdiyi üçün FIG-in texniki komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib. O, kursların uğurla keçəcəyinə əminliyini ifadə edib.