BAKIDA KOMMUNAL XİDMƏTLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə PA Consultinq Group şirkətinin və World Learninq, Inc. təşkilatının keçirdiyi tədbirdə Azərbaycanın dövlət qurumlarının, kommunal xidməti müəssisələrinin, BMT-nin Avropa İqtisadi Komissiyasının (BMTAİK), Dünya Bankının, Rusiya, Litva, Özbəkistan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak edirlər.
Konfransın açılış mərasimində layihənin işçi qrupunun rəhbəri Mak Nill Uotkins, USAID Azerbaijan-ın təmsilçisi Cim Goggin, Nazirlər Kabinetinin məsul işçisi Tofiq Qədirov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Yevgeni Şelaginov, Bakı Şəhər İcra Hakimiyyətinin işçisi Xalid Ələkbərov, PA Consultinq Group şirkətinin nümayəndəsi Nataliya Kuliçenko və başqaları çıxış etmişlər. Çıxışlarda mövzunun aktuallığı qeyd edilmiş, burada səslənəcək təkliflərin tətbiqinə inam ifadə olunmuşdur.
BMTAİK-in ətraf mühitin mühafizəsi, mənzil fondu və torpaq sahələrinin idarə olunması şöbəsi direktorunun müavini xanım Kristina fon Şveynixen, Vilnüs İstilik Təchizatı Şirkətinin direktoru K.Nenius, Ak-Buura Kondominiumunun (Bişkek) sədri Rısbek Satılkanov, USAID-in “Mərkəzi Asiyada yerli idarəetmənin inkişafı” layihəsinin (Daşkənd) təmsilçisi İrina Gentsler, Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı Vadim Andropov, PA Consultinq Group-un layihə rəhbəri İlham Mirzəliyev və başqalarının məruzələri dinlənilmişdir.
Məruzələrdə BMTAİK regionuna daxil olan ölkələrdə mənzil-kommunal sektorundakı çətinliklər, onların aradan qaldırılması yollarından danışılmış, Litvada mənzil mülkiyyətçiləri birliklərinin yaşayış binalarının təmiri, Qırğızıstanda kondominiumların təşkili, Özbəkistanda çoxmənzilli binalarda mənzil mülkiyyətçiləri birliklərinin inkişafı, Rusiyada mənzil təsərrüfatında islahatlara imkan verən qanunvericiliyin yaradılması təcrübəsindən bəhs edilmiş, Bakının Suraxanı qəsəbəsində kommunal xidmətlər sahəsində əldə edilmiş nəticələr sadalanmışdır.
Konfrans öz işini iyunun 23-də davam etdirəcəkdir.