Bakıda Kosmonavtika Günü münasibətilə silsilə tədbirlər keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
Bakıdakı Rus Evi Kosmonavtika Gününü silsilə tədbirlərlə qeyd edib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rus Evinin Kinoklubu çərçivəsində “Qaqarin. Kosmosda ilk insan” filminin nümayişi olub.
Bu ekran əsəri insanın kosmosu fəth etməsi yolunda ilk addıma və birinci kosmonavt Yuri Qaqarinin taleyinə həsr olunub. Tədbirdə gənclər və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Həmçinin Azərbaycanda Rusiya Kinosu günlərində iştirak etmiş Azərbaycanın Rus Gəncləri Assosiasiyasının könüllülərinə mükafatlar təqdim edilib.
Bundan başqa, Bakıdakı Rus Evində Yuri Qaqarinin kosmosa uçmasının ildönümümə həsr edilmiş poeziya axşamı və tematik fotosərginin açılışı olub.
Kosmonavtika Günü münasibətilə Azərbaycan Dillər Universitetinin “Rusiyaşünaslıq” mərkəzində Bakıdakı Rus Evinin dəstəyi ilə “Getdik!” adlı - ulduz imlası beynəlxalq humanitar aksiyası keçirilib.
Ulduz imlası müxtəlif ölkələrin gənclərinə bəşəriyyətin ortaq rəşadəti - kainatın fəthinin əsasını qoyan insanın kosmosa uçuşu ideyasını aşılamağa kömək edən layihədir.