İQTİSADİYYAT
Bakıda kosmos proqramlarının planetin gələcəyindəki rolu müzakirə olunub





Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Kosmosun dünyada tutduğu rolun müdafiəsinə dair beynəlxalq perspektivlər” adlı plenar iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, plenar iclasın moderatoru Anu Ojhan olub. İclasda EMEA-nın vitse-prezidenti Agnieszka Lukaszczyk, Birləşmiş Millətlər Təşkilatının Kosmos Məsələləri üzrə İdarəsinin sədri Aarti Holla-Maini, ehtiyat astronavt Megenne Kristian iştirak ediblər.
Qeyd olunub ki, kosmos sektorunun peşəkarları, tələbələri və həvəskarları öncə kosmosun planetin gələcəyi üçün yarada biləcəyi imkanları araşdırmalı, faydalarını öyrənməlidir:
“Planetimizi qorumaq, iqlim dəyişikliyinə nəzarət üçün kosmik proqramlardan istifadə etmək olar. Bunun üçün qlobal naviqasiya sistemlərindən və peyk rabitəsindən istifadəni bacarmaq lazımdır. Bu işlə məşğul olan bir çox adam digər planetlərin öyrənilməsinin nə qədər vacib olduğunu başa düşür və kainatın mənşəyini, planetimizin necə əmələ gəldiyini, gələcəkdə ola biləcək təhlükələri bilir”.
İclasda vurğulanıb ki, dünyada baş verən təbii fəlakətlərin bir çoxunu öncədən müəyyən etmək və qarşısını almaq mümkün deyil. Ancaq elm, texnologiya və mühəndislikdə irəliləyişlər gələcəkdə bir çox sahədə bizə kömək edəcək. Məhz bu səbəbdən kosmosun kəşfinin vacibliyini geniş auditoriyalara çatdırmağa hələ də ehtiyac var. Siyasətçiləri, büdcə sahiblərini, potensial yeni investorlar və işçi qüvvəsini kosmosun dəyərinə inandırmaq lazımdır. Qeyd edilib ki, bu sahədə investisiyalar, istedadlı işçi qüvvəsi təmin edilməlidir.
Eyni zamanda, panel iclasında kosmosdakı gücü müdafiə etməklə davamlı gələcəyi dəstəkləmək, planeti qorumaq yolları barədə danışılıb.