Bakıda mehmanxana sistemində çalışan şəxslər üçün təlim-tədris kursları keçirilir
Bakı, 28 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin turizm sektorunda çalışan mütəxəssislər üçün ənənəvi olaraq təşkil olunan təlim-tədris kurslarının növbəti mərhələsi davam edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 22-də başlayan təlim-tədris kursları idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməlik və masa xidməti ixtisasları üzrə Bakı şəhərində fəaliyyət göstərən 3 və 4 ulduzlu mehmanxana sistemində çalışan işçilər üçün keçirilir.
Kurslarda tədrisi Türkiyədən dəvət olunmuş müvafiq ixtisaslar üzrə müəllimlər aparırlar. Kurslar ilkin olaraq Azərbaycan Turizm İnstitutunda başlamışdır və oktyabrın 31-də Bakı Turizm Peşə Məktəbində (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi 17) dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaqdır.
Türkiyə tərəfindən 2001-ci ildən keçirilən bu təlim proqramlarına indiyədək Azərbaycandan 1 326 nəfər cəlb olunmuşdur.
Bu istiqamətdə təlimlər paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmətin səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcəkdir.