BAKIDA MİQRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ İNFORMASİYA MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi nəzdində miqrasiya məsələləri üzrə İnformasiya Mərkəzi işləməyə başlamışdır. Onun əsas məqsədi vətəndaşlara leqal və qeyri-leqal miqrasiya məsələlərinə dair hüquqi yardım göstərməkdir.
Mərkəz lazımi müasir texniki avadanlıqla təchiz edilmişdir. Burada birbaşa telefon əlaqəsi də yaradılmışdır. Potensial miqrantlar öz hüquqlarının müdafiəsi, təhlükəsizlik və sağlamlıqlarının qorunması məsələləri barədə bilavasitə mütəxəssislərdən hüquqi məsləhət ala bilərlər.
Miqrantlara hüquqi məsləhətlər verilməsi, psixoloji dəstək göstərilməsi üçün Mərkəzin əməkdaşları lazımi hazırlıq keçmişlər.
İnformasiya Mərkəzi geniş imkanlara malikdir. O, digər ölkələrin müvafiq qurumları, xarici dövlətlərin respublikamızdakı diplomatik nümayəndəlikləri, habelə dövlət strukturları ilə sıx əməkdaşlıq edərək, miqrantlara qanuni miqrasiya məsələləri və prosedurları barədə bütün lazımi məlumatı verə biləcəkdir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi bu sahədə böyük təcrübə toplamışdır. 2001-ci ilin mayında nümayəndəlikdə miqrasiya məsələləri üzrə informasiya xidməti yaradılmışdır. 6 ayda buraya 200-dək adam müraciət etmiş və onlar maraqlandıqları bütün məlumatları almışlar.
AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, miqrasiya məsələləri üzrə İnformasiya Mərkəzinin yaradılması Azərbaycan nümayəndəliyinin informasiya kampaniyası aparılması çərçivəsində həyata keçirdiyi layihənin bir hissəsidir. Nümayəndəlik çap məhsulu hazırlayıb nəşr etməyi, faydalı görüşlər keçirməyi, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etməyi də nəzərdə tutur.