BAKIDA NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ ÜMUMXALQ ŞƏNLİYİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏNLİKDƏ İŞTİRAK ETMİŞDİR
Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun...
Şəhriyar
Bakı, 20 mart (AZƏRTAC). Xalqımızın ən əziz bayramı olan Novruz münasibətilə martın 20-də Bakıda izdihamlı bayram şənliyi keçirilmişdir. Qədim İçərişəhərin qoşa qala qapıları qarşısındakı meydanda böyük mərasim təşkil olunmuş, ətrafdakı binalar, əsrlərin şahidi olan qədim qala divarları al-əlvan plakatlarla bəzədilmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Novruz şənliklərində iştirak etmək üçün meydana gəldilər. Buraya toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev burada “Muğam aləmi” Beynəlxalq festivalında iştirak etmək üçün ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə salamlaşdı.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz doğma Azərbaycanımızın hər yerində böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd edir. Builki Novruz bayramı özünün yeni dövrünü yaşayan Azərbaycan muğamının da bayramıdır və Beynəlxalq muğam festivalının keçirilməsi ilə əlamətdardır.
Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə xalqımıza təbrikində deyildiyi kimi, milli təfəkkürümüzün və mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü sayılan Novruz bayramı suveren Azərbaycan dövlətinin rəsmi bayramı kimi müstəqil respublikamızın hər bir guşəsində kütləvi şənliklərlə qeyd edilir. Yaz bayramının insanlarımızda qurub-yaratmaq əzmini artıran yeniləşdirici ovqatı ölkəmizin dinamik inkişafla əlamətdar həyatında son illər ən müxtəlif sahələrdə ürəkaçan nailiyyətlərlə, paytaxtda və bölgələrdə geniş miqyasda aparılan quruculuq-abadlıq işləri ilə ümumi ahəng təşkil edir.
Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız da Bahar bayramını böyük sevinclə qarşılayırlar. Dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayram hər gəlişi ilə onların azərbaycançılıq məfkurəsi işığında doğma Vətənə bağlılıq duyğularını daha da gücləndirir.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının millətimizə ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinə gələnlərdə daha xoş ovqat doğururdu.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
######
![]() |
![]() |

