BAKIDA RUSİYA MİLLİ SƏRGİSİ VƏ İKİNCİ AZƏRBAYCAN-RUSİYA İQTİSADİ FORUMU KEÇİRİLƏCƏK
Sərginin keçirilməsindən əsas məqsəd Rusiya müəssisə və təşkilatlarının məhsullarını, texnologiya və xidmətlərini Azərbaycan bazarında irəlilətmək, ticarət-iqtisadi və mədəni əməkdaşlığı fəallaşdırmaqdır. Rusiyanın 21 regionundan 140-dan çox müəssisə öz məhsullarını nümayiş etdirəcəkdir. Bundan əlavə, eksponatlar açıq meydançada da yerləşdiriləcəkdir. Sərgiyə RF regionlarının 12 kollektiv ekspozisiyası gətiriləcəkdir ki, bunların da ən böyüyü Moskvaya məxsusdur.
İkinci Azərbaycan-Rusiya iqtisadi forumunun proqramına regionlararası iqtisadi əməkdaşlığın inkişafı, təhsil sahəsində, aqrar-sənaye kompleksində inteqrasiya prosesləri mövzularında seminarlar və “dəyirmi masa”lar keçirilməsi daxildir. Ulyanov vilayətinin iqtisadi və sərmayə potensialının təqdimatı, Azərbaycana neft-mədən avadanlığı, elektrik enerjisi ixracı və elektrik stansiyalarının tikintisinə sərmayə yatırılması məsələləri üzrə biznes-görüşlər keçiriləcəkdir.