Bakıda Ümumdünya Tütünlə Mübarizə Günü qeyd olunmuşdur
Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 31 May - Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə İSİM-in direktoru Ceyhun Məmmədov çıxış edərək Ümumdünya Tütünlə Mübarizə Günü haqqında məlumat vermişdir. Bildirmişdir ki, 1988-ci ildə Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasında mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü elan olunmuşdur. Bu tarixi gün tütünün yaratdığı xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədi ilə bütün dünyada hər il qeyd edilir. Dünya ölkələri ilə yanaşı, Azərbaycanda da bu günlə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir.
Mərkəzin direktoru qeyd etmişdir ki, XX əsrdə 100 milyon nəfərin həyatına son qoyan tütünçəkmə XXI əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər. Odur ki, Azərbaycan 2005-ci ildə DST-nin nəzarət üzrə Çərçivə Konvensiyasına ratifikasiya etmişdir. Hazırda Azərbaycan Respublikasının Milli Məclisi tütünə nəzarətlə bağlı yeni qanun hazırlayır.
DST-nin ölkə ofisinin nümayəndəsi Sevil Əsədova bildirmişdir ki, “Tütün sənayesinə müdaxilə” builki Ümumdünya Tütünlə Mübarizə Gününün mövzusudur. Kampaniya DST-nin tütünə nəzarət üzrə Çərçivə Konvensiyası əleyhinə aqressiv cəhdləri ifşa edərək bu cür hallarla mübarizə aparacaqdır. Eyni zamanda, tütün sənayesinin təhlükəli və zərərli fəsadları barədə ictimaiyyəti məlumatlandıracaqdır.
Tədbirdə Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov çıxış edərək siqaret çəkməyə qarşı ictimai təsirlərin gücləndirilməsinin, təbliğat xarakterli televiziya verilişlərinin, reklam çarxlarının və çap məhsullarının hazırlanmasının vacibliyini vurğulamışlar.
Sonra “Uşaqları tütün tüstüsündən azad mühitdə böyüdək!” adlı videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə, həmçinin İSİM-in BŞGİBİ və “İrəli” İctimai Birliyinin tibb klubu ilə birgə reallaşdırdığı “Tütünsüz həyat: sən özün yarat!” fotomüsabiqəsinin qalibləri mükafatlandırılmışlar.