MƏDƏNİYYƏT
Bakıda Xorvatiya turizm nümayəndələri ilə görüş keçirilib
Bakı, 24 iyun, Ceyhun Alışov, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Xorvatiya Respublikasının turizm potensialının tanıdılması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Welcome to Croatia” ( Xorvatiyaya xoş gəlmisiniz) layihəsi çərçivəsində ölkəmizdə olan Xorvatiyanın turizm nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə hər iki ölkəni təmsil edən bir sıra turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xorvatiyanın Milli Olimpiya Komitəsinin Prezidenti Zladko Mateşa çıxış edərək birinci Avropa Oyunları çərçivəsində Azərbaycanda olmasından məmnunluğunu ifadə edib, ölkəmizdə belə möhtəşəm tədbirin keçirilməsinin sevindirici hal olduğunu söyləyib.
Azərbaycanda ilə Xorvatiya arasında turizmin inkişafı üçün əlverişli imkanların olduğunu deyən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Patrik Hikki deyib ki, idman oyunları kimi, turizm də ölkənin tanınması baxımından olduqca önəmlidir. Bu səbəbdən də hər bir ölkə turizmə xüsusi önəm verməlidir.
Daha sonra Zaqreb Turizm İdarəsinin direktoru Luka Benka Xorvatiyanın turizm potensialının nümayiş olunduğu videoçarxı təqdim edib.
Vurğulanıb ki, hər iki ölkənin turizm şirkətlərinin qarşılıqlı əməkdaşlıq etməsi üçün münbit şərait mövcuddur. Xüsusilə də Zaqreb şəhərinin kurort-rekreasiya və turizm imkanlarının inkişaf dinamikası buna əsas verir.
Görüşdə Xorvatiyanın Adriatik dənizboyu ərazilərində yerləşən Dubrovnik, Zadar, Split kimi şəhərlərin hazırki turizm imkanlarından söz açılıb.
Qeyd olunub ki, Xorvatiya Respublikasının Dolmatsiya, İstra kontinental regionları hazırda çoxlu turistlərin səyahət etdiyi rayonlardandır və burda yaxın gələcəkdə turizmin daha da inkişafı üçün əsas populyar istiqamətlər düşünülür.