Bakıda “Yaşıl həftə” ekoloji-maarifləndirici kampaniyasının başlanması ilə əlaqədar tədbir keçirilmişdir
Bakı, 4 sentyabr (AZƏRTAC). Sentyabrın 4-də Dənizkənarı Milli Parkda “Təbiətin dostları” Gənclər İctimai Birliyinin (GİB) təşkilatçılığı ilə “Yaşıl həftə” adlı ekoloji-maarifləndirici kampaniyanın başlanmasına həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları kampaniyanın məram və məqsədi barədə məlumatlandırılmışlar. Bildirilmişdir ki, əsas məqsəd insanları bir araya gətirmək, onları ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaqdır.
Vurğulanmışdır ki, ekoloji-maarifləndirici kampaniya bir həftə davam edəcəkdir. “Yaşıl həftə” çərçivəsində həftə ərzində müxtəlif növ təlimlər, ekoloji mövzuda seminarlar, xarici ölkələrdə ətraf mühitə göstərilən qayğı mövzusunda maarifləndirici tədbir, yaşıl sinema günü, “işgüzar veloyürüş”, güllərə aid ekoloji aksiya, tullantılarla bağlı seminar, müxtəlif idman və əyləncəli oyunlar, açıq havada velosiped və piyada yürüşləri keçiriləcəkdir. Kampaniyanın sonunda həftə ərzində çəkilmiş fotoşəkillərdən ibarət sərgi açılacaqdır.
Kampaniyanın rəsmi açılış hissəsindən sonra 40 nəfərə yaxın velosipedçi və piyadalardan ibarət dəstə Bakı şəhərinin küçələrində yürüş keçirmişdir.
Sentyabrın 11-dək davam edəcək ətraf mühitin qorunmasına həsr olunmuş kampaniya yaşıl velosipedçilər klubu, ekofotoqrafiya klubu (“Təbiət dostları” GİB), NİSA və “Park Bulvar” ticarət və istirahət mərkəzi tərəfindən dəstəklənir.