Bakıdakı Rus evində Yuri Vasnetsovun illüstrasiyalarından ibarət sərgi və nağıllar gecəsi olub
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 21-də Bakıdakı Rus evində dahi rəssam, rus xalq nağıl illüstrasiyasının ustadı Yuri Vasnetsovun rəsmlərindən ibarət sərgi açılıb. Həmin axşam qonaqlar üçün musiqi və rəqs nömrələrinin müşayiəti ilə rus xalq nağılları səsləndirilib.
AZƏRTAC xəbər verir ki, Bakıdakı Rus evinin salonu nağıl kitablarından həm böyüklərə, həm də uşaqlara yaxşı tanış olan Yuri Vasnetsovun illüstrasiyaları ilə bəzədilib. Qeyri-adi rəssamın yaradıcılığı ilə birdən çox nəsil yetişib. Görkəmli əsərlərin reproduksiyaları rəssamın nəvəsi Mariya Zaxarenko tərəfindən təqdim edilib.
Qonaqlar sərgi ilə tanış olduqdan sonra bayram proqramı başlayıb. Musiqi və rəqs nömrələrinin müşayiəti ilə jurnalist, yazıçı və dramaturq Anara Axundovanın ifasında rus xalq nağılları səsləndirilib.
Tamaşaçıların qarşısında, həmçinin Üzeyir Hacıbəyli ev-muzeyi yanında “NUR” uşaq xor studiyasının (dirijor və bədii rəhbər sənətşünaslıq namizədi, dosent Mələk Vəlizadə) vokalçıları, “Gülüstan” xalq rəqs ansamblının (bədii rəhbər Lenay Seyidəli-zadə) rəqqasları Mina və Melis Eminli bacıları; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində 2 nömrəli bağçanın uşaqları; Georqi Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi Elizabet Bisset çıxış ediblər.
Gecə uşaqların alqışları və gur səsli gülüşləri ilə başa çatıb.