MƏDƏNİYYƏT
“Baku Guide” bələdçi kataloqunun dekabr nömrəsi çapdan çıxıb
Bakı, 2 dekabr, AZƏRTAC
“Mən ilk dəfə Bakıya tələbə ikən gəlmişdim. O vaxt da paytaxtınız Cənubi Qafqazın ən gözəl şəhəri idi, indi də. Bu gün isə Bakı mədəniyyət və idman paytaxtına çevrilir”.
İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının münsiflər heyətinin sədri Endre Florian bu sözləri “Baku Guide” bələdçi kataloqunun dekabr nömrəsində dərc olunan eksklüziv müsahibəsində deyib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun yeni sayı da zəngin materialları, nəfis tərtibatı və dizaynı ilə seçilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrin növbəti buraxılışında paytaxtımızın mədəni və işgüzar həyatı, dekabr ayında nəzərdə tutulan müxtəlif tədbirlər barədə məlumatlar, teatr və konsert müəssisələrinin repertuarı, kinoteatr, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur.
Kataloqda, həmçinin Yeni il münasibətilə təşkil olunacaq əyləncəli gecələr, bayram şənlikləri barədə ətraflı informasiyalar, dekabrın 17-dən 22-dək Şəkidə keçiriləcək 9-cu Prezident Kuboku uğrunda çövkən milli oyunu barədə məlumatlarla da zəngindir. “Azərbaycan mətbəxi” rubrikamızda isə oxucular daha bir ləzzətli təamımız - ləvənginin hazırlanma qaydası ilə tanış olacaqlar.
Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin “Bakını “City sightseeng”lə kəşf edin”, “Bakıdan xatirə” və digər bölmələr, şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar yer alıb.