“Baku Guide” bələdçi kataloqunun iyun nömrəsi birinci Avropa Oyunlarına həsr olunub
Bakı, 3 iyun, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin əlavəsi olaraq buraxılan “Baku Guide” bələdçi kataloqunun iyun nömrəsi “Bakı 2015” birinci Avropa Oyunlarına həsr olunub. Kataloqun iyun buraxılışı materialların zənginliyi, mövzu rəngarəngliyi və nəfis tərtibatı ilə əvvəlkilərdən fərqlənir.
“Bakı bütün Avropanı qəbul etməyə hazırdır” sərlövhəli yazıda Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu beynəlxalq əhəmiyyətli tədbirlə bağlı fikirləri yer alıb. Yazıda bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunur, habelə paytaxtımıza gələcək qonaqlar üçün geniş və maraqlı mədəni proqram hazırlandığı diqqətə çatdırılır.
Nəşrdə paytaxt teatrlarının xüsusi olaraq Avropa Oyunları üçün tərtib etdiyi repertuarı, muzeylərin, konsert və sərgi salonlarının iyun ayı üzrə tədbirləri, paytaxtımızın kinoteatrlarında nümayiş etdiriləcək filmlərin afişası dərc olunub.
Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovla müsahibədə isə Oyunların son hazırlıq prosesi, bilet satışı, açılış və bağlanış mərasimləri, digər təşkilatı məsələlərə toxunulub.
Nəşrdə Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan da söz açılıb, “Bakı prosesi”nin uğurla davam etdiyi vurğulanıb.
Azərbaycan, ingilis və rus dillərində nəşr edilən bələdçi kataloqunun iyun nömrəsində milli mədəniyyətimizin və tariximizin təbliğinə xüsusi yer ayrılıb. “Dünya musiqi xəzinəsində azərbaycanlılar”, “Qarabağ - Azərbaycanın tarix və mədəniyyət beşiyi”, “Bakının memarlıq tarixinə ekskurs”, “Qeyri-maddi mədəni irsimiz UNESCO siyahılarında”, “Bakıdan yeddi səmtə turizm yolları”, “Azərbaycanın şəfalı bölgələri - sağlamlıq turizmi”, “Azərbaycanda palçıq vulkanları - təbiətin möcüzəsi” və digər sərlövhəli məqalələr bu qəbildəndir. “Azərbaycan mətbəxi” rubrikasında isə şəhərimizin qonaqları dadmalı olduqları 10 təamı kəşf edəcəklər.
Bələdçi kataloqunun turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda, həmçinin şəhərdəki mehmanxana, restoran, ticarət və əyləncə məkanları, turizm agentlikləri, aviakassalar, avtomobil kirayəsi barədə məlumatlar dərc olunub.