“BAKUBUİLD-2005” SƏRGİSİ DAVAM EDİR
Sərgidə bir çox nüfuzlu şirkətlər, o cümlədən Azərbaycanın “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyəti, “Baku Steel Company” şirkəti, “Kartaş İnşaat Materialları”, habelə Rusiyanın əmək mühafizəsi vasitələrinin istehsalı və satışı ilə məşğul olan “Vostok-Servis”, Almaniyanın qazanxana və istilik sistemlərinin istehsalı və quraşdırılması üzrə “Volf”, “Kermi”, İsveçrənin “Santec” şirkətləri öz məhsullarını nümayiş etdirirlər.
“Baku Steel Company” şirkətinin mətbuat katibi Namiq Əhmədov demişdir ki, yüksək səviyyədə təşkil olunmuş builki sərgi yerli şirkətlərin dünya bazarlarına çıxmasına, habelə ən müasir texnologiyaların Azərbaycana gətirilməsi ilə ölkəmizdə dünya standartlarına uyğun tikinti işlərinin aparılmasına imkan yaradır. İldə 320 min ton armatur istehsal edən şirkətimizdə 2 min 200 nəfər adam işlə təmin olunmuşdur.
Ölkəmizdə bir çox layihələrin həyata keçirilməsində, o cümlədən Quba Olimpiya Kompleksinin, Akademik Milli Dram və Opera və Balet teatrlarının binalarında ventilyasiya və kondisioner sistemlərinin quraşdırılmasında iştirak etmiş Almaniyanın “Volf” və “Kermi” şirkətlərinin ekspozisiyasında istilik sistemləri, radiatorlar, avtomatlaşdırma və idarəetmə sistemləri təklif edilir.
Rusiyanın “Vostok-Servis” şirkəti sərgiyə müxtəlif çeşidli xüsusi geyimlərlə gəlmişdir. Şirkətin marketinq və mətbuatla əlaqə departamentinin meneceri Yelena Həsənovanın sözlərinə görə, sərgidə inşaat firmaları ilə yanaşı, dağ turizmi ilə məşğul olan müəssisələrdən də sifarişlər alınmışdır.
Sərgi oktyabrın 22-dək davam edəcəkdir.