Balacaların Yeni il sevinci - FOTO
Masallı, 27 dekabr, İlkin Adıyev, AZƏRTAC
Masallı Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində balacalar üçün Yeni il şənliyi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şən mahnılar, rəqslər, viktorinalar və boya ilə uşaqların üzünə şəkillərin çəkilməsi bayram şənliyinə xüsusi rəng qatıb.
Tədbirdə ifa edilən mahnılar, milli və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Şaxta baba və Qar qızın gəlişi isə şənliyi daha da canlandırıb, uşaqların sevincinə səbəb olub.
Şənlikdə Şaxta baba hər bir uşağa Yeni il hədiyyələri verib. Balacalar xoş əhval-ruhiyyə ilə Yeni ilin gəlişini qeyd ediblər.