Balakən rayonunda güclü leysanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür
Balakən, 23 avqust (AZƏRTAC). Xəbər verildiyi kimi, avqustun 20-21-də aramsız yağan güclü leysan yağışları Balakən rayonunun ərazisindən axan Katex, Balakən, Mazım, İnter və Ulğam dağ çaylarında daşqınlara səbəb olmuş, nəticədə sel suları ətraf kəndləri basmış, vətəndaşların şəxsi təsərrüfatlarına, əkin sahələrinə, yollara, rabitə və elektrik xətlərinə xeyli ziyan dəymişdir.
Təbii fəlakət nəticəsində Şərif kəndində 320, Yeni Şərifdə 100-dək, Qaysa, Xalatala və Meşəşambul kəndlərinin hər birində 30, Poşbinə kəndində 15 ev təsərrüfatını sel suları basmışdır. Təhlükə ilə əlaqədar İtitala kəndində 250-dək ailə müvəqqəti olaraq digər ərazilərə köçürülmüşdür. Xeyli sayda ev quşları, mal-qara tələf olmuş, yüzlərlə hektar əkin və örüş sahələri su altında qalmışdır.
Hazırda rayon fövqəladə hallar komissiyası və əlaqədar qurumlar Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birgə təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə həmin kəndlərdə operativ tədbirlər həyata keçirirlər.
Rayon mülki müdafiə qərargahının rəisi, fövqəladə hallar komissiyasının üzvü Kərim Meyvəliyev AZƏRTAC-a bildirmişdir ki, leysan nəticəsində ən çox ziyan İtitala və Şərif kəndlərinə dəymişdir. İtitala kəndində vəziyyət hələ də gərgin olaraq qalır. Leysan nəticəsində 247 şəxsi evin həyətini lil basmışdır və həyətlərdə 30-40 santimetrədək hündürlükdə su hələ də qalmaqdadır. Ərazinin təmizlənməsi üçün Yanğından Mühafizə Xidmətinin 4 avtomaşını fasiləsiz olaraq suyu nasoslarla həyətlərdən bayıra vurur. Bu kənddə 18 evin divarlarında çatlar əmələ gəlmişdir. Şərif kəndində isə həyətlərdəki su nisbətən azalmışdır. Bu kənddə də 6 fərdi yaşayış evinin divarlarında çatlar əmələ gəlmişdir.
Balakəndə güclü leysanın nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər davam etdirilir.