Balakən rayonunun zəlzələdən zərər çəkmiş ərazilərində kompleks tədbirlər davam etdirilir
Balakən, 29 oktyabr (AZƏRTAC). Oktyabrın 13-14-də Balakən rayonunda baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evlərinə və sosial obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) və aidiyyəti dövlət qurumları tərəfindən rayonun təbii fəlakətlə üzləşmiş yaşayış məntəqələrində kompleks tədbirlər davam etdirilir.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, indiyədək komissiyaya yerlərdən 5 minə yaxın müraciət daxil olmuşdur. Zərər çəkmiş ərazilərdə FHN-in 8 işçi qrupu araşdırma aparır. İlkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində 16 fərdi yaşayış evi ciddi, 84 ev isə qismən zədələnmişdir. Zəlzələ nəticəsində bəzi sosial təyinatlı obyektlərə də müəyyən ziyan dəymişdir. Zəlzələdən zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün əhaliyə yüzə yaxın çadır paylanmışdır. Bundan əlavə, zərər görmüş evlərin təmiri üçün FHN tərəfindən ailələrə şifer, taxta, mismar və digər tikinti materialları, habelə böyük ölçülü sintetik örtüklər paylanmışdır.
Eyni zamanda, rayonda bu ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində də kompleks tədbirlər davam etdirilir. FHN-in müvafiq komissiyalarının rəyinə əsasən, rayon ərazisində qəzalı vəziyyətə düşmüş 183 fərdi yaşayış evi sökülmüş, 204 evin tikintisinə başlanılmışdır. Bu evlərdən 67-sinin tikintisi artıq başa çatmaq üzrədir. Bundan əlavə, FHN-nin podratçı tikinti təşkilatları tərəfindən Qarahacılı və Püştətala kəndlərində yeni məktəb binalarının, Gərəkli kəndində isə 8 mənzilli yaşayış evinin tikintisi də davam etdirilir.